Dünən YAP Siyəzən rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər. Siyəzən rayon icra hakimiyyətinin akt zalında davam edən konfransda YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov hesabat məruzəsi ilə çıxış edərək, rayon təşkilatının fəaliyyəti haqqında geniş məlumat verdi. O bildirib ki, rayon təşkilatı 42 ərazi ilk partiya təşkilatında 3193 nəfər üzvü birləşdirir. Üzvlərin 1443 nəfərini qadınlar, 834 nəfərini isə gənclər təşkil edir: "Yeni Azərbaycan Partiyası görkəmli dövlət xadimi, əvəzedilməz Lider Heydər Əliyevin əbədiyaşar əsəridir. Bu gün tam əminliklə demək olar ki, Ümummilli Liderimizin dövlətçilik kursu Onun siyasi davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq naminə insan hüquq və azadlıqlarının təminatı, sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır. Həmçinin, Prezidentimizin gənclərlə bağlı həyata keçirdiyi dövlət siyasəti hər bir gənci gələcək naminə bütün qüvvəsi ilə çalışmağa sövq edir".
Konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının xalqımızın bir neçə nəsli üçün siyasi yetkinlik məktəbi və siyasi səhnənin ən mütəşəkkil partiyası olduğunu sübuta yetirdiyini xüsusi vurğuladı.
Konfransda Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək bildirdi ki, YAP ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmış, Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir: "Ölkəmizin yüksək inkişafını Siyəzən rayonunun timsalında da aydın görmək olar. Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına son bir ildə rayonda böyük işlər görülüb, bir neçə məktəb və digər obyektlər inşa edilib, yollar asfaltlaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilibdir. Bu il həm də xalqımız və dövlətimiz üçün mühüm bir siyasi kampaniya olan prezident seçkiləri ili kimi yadda qalacaq. Çox böyük inamla demək olar ki, bütün Azərbaycan xalqı bu seçkilərdə ölkəmizi daha uğurlu sabahlara aparan partiyamızın Liderinə - cənab İlham Əliyevə səs verməklə tarixinin ən şanlı səhifələrini yazacaq".
Sonda Yeni Azərbaycan Partiyasının qurultayına nümayəndələr seçildi.
Konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.
Ü.ƏSGƏROV