PDF Oxu

Siyasət

  • 14

Ölkə vətəndaşları Prezident İlham Əliyevin növbəti dəfə namizədliyini birmənalı şəkildə dəstəkləyirlər

Ölkə vətəndaşları Prezident İlham Əliyevin növbəti dəfə namizədliyini birmənalı şəkildə dəstəkləyirlər

2013-cü il Azərbaycan dövləti və xalqı üçün bir sıra yubiley hadisələrilə yaddaşlarda qalacaq. Bu il həm müasir Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, həm Ulu Öndərin Azərbaycanın Prezidenti seçilməsinin 20 illiyi, həm də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 10 illiyidir. Bütün bu yubiley hadisələri isə müstəqil Azərbaycan dövlətinin şanlı hadisələri kimi tarixə düşməkdədir. Aydındır ki, hazırda xalqımız yüksək inkişaf dövrünü yaşayan bir dövlətin vətəndaşları kimi Azərbaycanın davamlı inkişafının tərəfdarıdırlar. Bu gün hər bir vətəndaş sabit və dinamik inkişaf edən ölkəmizin daha da çiçəklənməsini istəyir. Bunun üçünsə, Heydər Əliyev ideyalarını reallığa çevirən Prezident İlham Əliyevin növbəti dəfə namizədliyi birmənalı şəkildə dəstəklənir.

Qeyd edək ki, Həmkarlar Konfederasiyası, Respublika Ağsaqqallar Şurası, Çernobıl Əlilləri, xaricdə təhsil alan azərbaycanlı tələbələr birmənalı şəkildə Prezident İlham Əliyevin növbəti beşillikdə də ölkəyə rəhbərlik etməsini istədiklərini ortaya qoyublar. Onlar Prezident İlham Əliyevə etdikləri müraciətdə deyiblər ki, Onun yorulmaz və gərgin fəaliyyəti, həyata keçirdiyi davamlı və məqsədyönlü siyasi kurs sayəsində Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət kimi daha da güclənib, müasir cəmiyyət quruculuğu yolunda mühüm nailiyyətlər əldə edib. Xalqımızın lideri olaraq Prezident İlham Əliyevin fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artmasına ciddi təkan verib.

O, ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ, prioritet vəzifə kimi qarşıya qoyub. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının ardıcıl həyata keçirilməsi bütün bölgələrin simasının yeniləşməsinə, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması sahəsində mühüm uğurların qazanılmasına imkan yaradıb. Son illərdə yüz minlərlə yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.

Bununla yanaşı, əməkhaqlarinin, pensiyaların mütəmadi artırılması, aztəminatlı ailələrə müavinətlərin verilməsi, şəhid ailələrinə və müharibə veteranlarına maddi yardımların çoxalması dövlətin öz vətəndaşlarına diqqət və qayğısının parlaq təzahürüdür. Azərbaycan Prezidentinin aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan müvafiq fərman və sərəncamları ilə minimum aylıq əməkhaqqının məbləği, işsizlik müavinətinin, peşə hazırlığı müddətində işaxtaran və işsiz vətəndaşlara ödənilən təqaüdün, işləməyən əmək pensiyaçılarına ödənilən pensiya və müavinətlərin minimum həddi mütəmadi olaraq artırılır.

Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır. Hazırda isə yeni nəhəng enerji və nəqliyyat layihələrinin gerçəkləşməsi sahəsində geniş tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin iş sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistanın bir sıra əsas beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi qəbul edilməsi, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir.

Azərbaycanın gərgin rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizə göstərilən etimadın nümunəsi kimi qiymətləndirilməlidir. Ermənistanın Azərbaycana qarşı məkrli informasiya siyasətinə baxmayaraq, BMT-nin 193 üzv dövlətindən 155-nin birbaşa dəstəyi respublikamızın beynəlxalq nüfuzunun artdığını əyani şəkildə təsdiq etdi.

Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin möhtəşəm təşkili dövlətimizin və xalqımızın yüksək mədəni səviyyəsini, iqtisadi potensialını, müasir inkişaf xüsusiyyətlərini və tolerantlığını dünyaya bir daha nümayiş etdirdi.

2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının artmasının parlaq göstəricisidir. Xalqımız bütün bunlara şəxsən Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində nail olub. Məhz göstərilənlər respublikanın kütləvi təşkilatlarının Prezident İlham Əliyevin yenidən namizədliyini irəli sürməsinə əsas yaradıb. Bütövlükdə, demək olar ki, Prezident İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi haqqında söylənilənlər bir sosial sifarişdir. Bunu cəmiyyətimizin ictimai-siyasi xadimləri də etiraf edirlər. YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi yalnız Yeni Azərbaycan Partiyasının (YAP) deyil, ümumilikdə, Azərbaycan xalqının mütləq əksəriyyətinin təşəbbüsü və istəyidir.

Ə.Əhmədov deyib ki, ölkə vətəndaşları Prezident İlham Əliyevin növbəti dəfə namizədliyini birmənalı şəkildə dəstəkləyirlər: "Düşünürəm ki, belə bir dəstək 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq, inkişaf siyasəti ilə əlaqədardır. Bu illər ərzində Azərbaycan böyük bir inkişaf yolu keçmiş, modernləşmiş və müasirləşmişdir. Azərbaycanın dövlət olaraq gücünün və qüdrətinin artması insanların rifahının yüksəlməsində də özünü göstərir. Bütün bu uğurları hər bir vətəndaş öz həyatında görür və yüksək dəyərləndirir".

YAP Sədrinin müavininin sözlərinə görə, insanlar rifah hallarının yüksəlməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bilavasitə əlaqələndirirlər. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində Bakı şəhəri ilə yanaşı, digər bölgələrimiz də tamamilə simasını dəyişir, insanların yaşaması üçün daha layiqli şərait yaradılır. İnsanlar üçün digər mühüm amil sabitlik, dinclik, əmin-amanlıqdır. Bunlar olmasaydı, insanın rifahının yüksəlməsi sahəsində atılan addımlar və nəticələr böyük dəyər kəsb etməzdi. Azərbaycanda insanın həyatının keyfiyyətinin vacib bir göstəricisi ondan ibarətdir ki, hər bir vətəndaş, ailə dinclik, əmin-amanlıq, rahatlıq şəraitində yaşayır, insanların təhlükəsizliyi təmin olunur. Bunları ümumiləşdirərək deyə bilərik ki, hər bir Azərbaycan vətəndaşı aydın şəkildə dərk edir ki, bu yüksək nemətlərin bundan sonra da davam etməsi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Ona görə də, insanlar hesab edirlər ki, Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi inkişaf, tərəqqi və yüksəliş prosesinin qarşıdakı illərdə də davam etməsinə zəmanət verir. Bu isə, o deməkdir ki, qarşıdan gələn seçkilərdə Prezidentimizin namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının bu gün və gələcəklə bağlı olan istək və arzuları ilə üst-üstə düşür.

"Səs" Analitik Qrupu

Digər xəbərlər