Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının IX konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP rayon təşkilatının sədri Rəfail Pəsiyev qurumun VIII konfransdan ötən dövr ərzindəki fəaliyyəti haqqında hesabat vermişdir. Hesabat məruzəsində qeyd olunmuşdur ki, 57 ərazi partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4128 üzvü vardır. Rayon təşkilatının gənclər birliyinin sıralarında 1113, qadınlar şurasının sıralarında isə 1358 partiya üzvü təmsil olunur.
Konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır ki, hesabat dövründə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın, Heydər Əliyev Mərkəzinin, Beyləqan-Kəbirli-Baharabad magistral yolunun açılışında və şəhərin su-kanalizasiya sisteminin təməlqoyma mərasimində Prezident İlham Əliyevin iştirakı, Beyləqan şəhərində, Əmirzeyidli və Dünyamalılar kəndlərində tam orta məktəblərin yeni binalarının tikilməsi, Beyləqan Rayon İcra Hakimiyyətinin, rayon mədəniyyət sarayının, poçtamtın, təhsil şöbəsinin və rayon mərkəzi xəstəxanası binalarının əsaslı təmir olunması, Gənclər Mərkəzinin, şahmat məktəbinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının, rayon polis şöbəsinin inzibati binasının və şəhərin yeni su və kanalizasiya sisteminin tikintisinə başlanılması ölkə Prezidentinin diqqət və qayğısının nəticəsi, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir.
Rəfail Pəsiyev növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də söz acaraq qeyd etmişdir ki, rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmaqdadır. Bildirilmişdir ki, ötən seçkilərdə olduğu kimi, bu seçkidə də beyləqanlılar Yeni Azərbaycan Partiyasının vahid namizədi, ümummilli lider Heydər Əliyevin siyasi varisi İlham Əliyevi dəstəkləyəcəklər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Ayaz Orucov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı roldan danışmışlar.
Konfransda YAP-ın V qurultayına nümayəndələr seçilmişdir.
AzərTAc