Mayın 20-də Hyuston şəhəri meriyasında Azərbaycan Respublikası Gününə həsr edilmiş qəbul olmuşdur. Əvvəlcə Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın himnləri səsləndirilmişdir.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (HBSCA) prezidenti İradə Axundova qonaqları salamlamış və Respublika Gününün Azərbaycan üçün əhəmiyyətindən, ABŞ ilə Azərbaycanın tarixi əlaqələrindən, xüsusən əsası hələ 1976-cı ildə qoyulmuş Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasından danışmışdır. Assosiasiyanın başçısı bir gün əvvəl 28 May bayramı münasibətilə şəhərin Azərbaycan icmasını təbrik etmiş Hyuston meriyasına və Texas ştatının konqresmenlərinə minnətdarlığını bildirmişdir. Sonra vitse-mer və Hyuston Şəhər Şurasının üzvü Ed Qonzales çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etmiş və Azərbaycanın Hyustonla mehriban münasibətlərindən söhbət açmışdır. E.Qonzales həmçinin şəhərin meri Annis Parkerin təbrikini çatdırmış və 2013-cü il 28 May gününü "Texas ştatının Hyuston şəhərində Azərbaycan Milli Günü" elan etmiş meriya adından İradə Axundovaya proklamasiya təqdim etmişdir. Proklamasiyada burada böyük Azərbaycan icmasının yaşaması və 2012-ci il oktyabrın 8-də Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, habelə Azərbaycan ilə Birləşmiş Ştatların strateji tərəfdaşlığı faktları qeyd edilir. Sonra ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı auditoriyaya Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən, Azərbaycanın işğalından, sovet hakimiyyətinin qurulmasından və 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasından söhbət açmışdır. Məruzədə iqtisadi sahədə və beynəlxalq siyasi arenada Azərbaycanın səmərəli inkişafını, habelə müstəqillik illərində Azərbaycan ilə Birləşmiş Ştatlar arasında uğurlu əməkdaşlığı əks etdirən faktlar göstərilmişdir.
Tədbirdə şəhərin müxtəlif dövlət idarələrinin və kommersiya təşkilatlarının nümayəndələri, Türkiyə, Yunanıstan və Meksikanın konsulları, digər diplomatik missiyaların üzvləri və Hyustonun Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər. Qəbul ARDNŞ-in dəstəyi ilə təşkil olunmuşdur.
AzərTAc