Milli Məclisdə UNİCEF-in də dəstəyi ilə "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda dəyirmi masa öz işinə başlayıb.
SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin vitse spiker Bahar Muradova, UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard, deputatlardan Hadı Rəcəbli, Ziyad Səmədzadə, Vahid Əhmədov və digərləri, həmçinin BMT-nin Rezident Koordinatoru Antonios Broek iştirak edirlər.
Milli Məclisin vitse-spikeri Bahar Muradova tədbirin açılışında bildirib ki, Azərbaycan UNİCEF-lə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində geniş əməkdaşlığa malikdir: "Uşaqların hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığı, təhsili, təhlükəsizliyi məsələlərinə diqqət yetirmək hər bir dövlətin vəzifəsidir. Azərbaycan bu sahədə xeyli nailiyyətlərə imza atıb".
Vitse-spiker qeyd edib ki, biznes qurumları öz fəaliyyəti zamanı uşaqların əməyinin istismarının aradan qaldırılması məsələlərinə diqqət ayırmalıdır.
Bahar Muradova həmçinin uşaqlar üçün təhlükəsiz qidaların istehsalının vacibliyini, uşaq hüquqlarını dəstəkləyən sosial reklamların çəkilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan o ölkələrdəndir ki, uşaq əməyinin vəziyyəti bir sıra inkişaf etmiş ölkələrdən daha yaxşıdır. Lakin uşaq əməyindən istifadə olunması, bəzi hallarda problemlər yaradır. Bununla daha çox valideyn himayəsindən məhrum olan uşaqlar üzləşir". O vurğulayıb ki, sahibkarın vəzifəsi dövlətin və cəmiyyətin bu istiqamətdə səylərinə dəstək versin, uşaqların təhlükəsiz yaşaması üçün, fövqəladə, müharibə vəziyyətində uşaq hüquqlarının gerçəkləşməsində yardımçı olsunlar.
sia.az