PDF Oxu

Siyasət

  • 17

Əli Həsənov: “Vətəndaş cəmiyyəti institutları və media ilə bağlı istənilən məsələni müzakirə etməyə hazırıq”

Əli Həsənov: “Vətəndaş cəmiyyəti institutları və media ilə bağlı istənilən məsələni müzakirə etməyə hazırıq”

Azərbaycan hökuməti olaraq vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, yerli və beynəlxalq qurumlarla, hakimiyyətin digər qanadları ilə cəmiyyəti maraqlandıran, insan hüquqları sahəsində prinsipial məsələlərə aid olan, bütün vətəndaş cəmiyyəti strukturunun əsasında dayanan məsələləri müzakirə etməyə hazırıq. SİA-nın xəbərinə görə, bu fikirləri "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti belə dialoqların keçirilməsini dəstəkləyir: "Hər bir dialoq, fikir mübadiləsi sonda optimal yolların tapılmasına şərait yaradır. Fərqli fikirlərin ortaq nöqtələrdə uzlaşdırılması üçün müvafiq qurumlara əlavə dəstək verir. Bu anlamda insanların mətbuatla, medianın cəmiyyətlə münasibətləri məsələlərinə toxunulması, Azərbaycan cəmiyyətində aktual məsələlərdəndir. Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm bölmələr 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bu Konstitusiyadan sonra qəbul olunan əksər qanunlar və təşəbbüslər cəmiyyətdə insan hüquqlarının təminatının dolğunlaşdırılması, beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsi və cəmiyyətdə tətbiqinə yönəlib. Biz elə bir cəmiyyət arzulayır və çalışırıq ki, insanların hüquqlarının balansı qorunsun, hüquqlar dolğun təmin olunsun və hər bir vətəndaş Azərbaycan cəmiyyətinə inamını hiss etsin. Əlbəttə bunun üçün qanunvericilik təşəbbüsləri bu istiqamətə yönəlməlidir".

sia.az

Digər xəbərlər