Gələcəkdə "Diffamasiya haqqında" qanunun Azərbaycan cəmiyyətində qəbulu və tətbiqi məsələlərinə baxılacaq. SİA-nın xəbərinə görə, bunu "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Administrasiya rəsmisinin sözlərinə görə, bu qanunun qəbul olunması təşəbbüsünü bəzən Azərbaycan cəmiyyətində anlamırlar: "Xüsusilə də, bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam. Ona görə, bu qanunun əsas fəlsəfəsinə, məqsəd və mahiyyətinə diqqət yetiriləcək. "Diffamasiya haqqında" qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli və peşəsinin şərəfinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Bu qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Heç zaman elə təbliğ olunmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim-kimi istəyir və necə gəldi təhqir edə bilər, şərəf və ləyaqəti təhqir oluna bilər. Bu təmamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq. Bu cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olsa, bir o qədər bizim cəmiyyət üçün keçərli olacaq. Bu azad sözə geniş imkan və şəffaflıq şəraiti yaratmaq məqsədi daşıyır. Bu gün Milli Məclisin şərəf və ləyaqətin təhqiri ilə bağlı cəza tədbirlərini sərtləşdirilməsini bəziləri mətbuat və söz azadlığının sərtləşdirilməsi kimi təqdim edirlər. Qətiyyən belə deyil. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamam başqa qanunla həyata keçirilir. Bununla bağlı "Mətbuat", "Teleradio" haqqında qanunlar və "Jurnalistin əxlaq kodeksi" var. Bu prinsiplərə əməl edən hər bir jurnalist istənilən sahəyə müdaxilə edə bilər, Eyni zamanda informasiya toplaya, yaya, təhlil edə bilər. "Diffamasiya haqqında" qanun da ona yönəlib ki, bəzən jurnalistlər bilərəkdən və ya bilməyərəkdən informasiya yanlışlığına yol verir. Bu insanlar dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə də, bu haqda gedən müzakirələrdə cinayət məsuliyyəti doğuran məsələlərlə digər məqamların izahı düzgün aparılmalıdır".
Əli Həsənov qeyd edib ki, "Diffamasiya haqqında" qanun ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırma ərəfəsindədir"
sia.az