Azərbaycan sülhməramlıları 2014-cü ildən sonra da Əfqanıstanda qalacaqlar.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mayın 22-də jurnalistlərə açıqlamasında demişdir.
X.İbrahim bildirmişdir ki, Azərbaycan Əfqanıstanda qalacağını bəyan edən səkkiz tərəfdaş ölkədən biridir. 2014-cü ildən sonra bu ölkələrin Əfqanıstandakı missiyaları üçün sənədlər hazırlanmalıdır. Həmin sənədlər hazır olduqdan sonra Azərbaycan və digər ölkələr Əfqanıstanın inkişafına hansı töhfələrini verə biləcəklərini deyə bilərlər.
Diplomat Əfqanıstana Azərbaycan vasitəsilə yüklərin daşındığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycanın hava məkanı Əfqanıstan üçün açıqdır. O demişdir: "Əfqanıstana yüklərin 35 faizi Azərbaycan vasitəsilə daşınır. Hava məkanı, eləcə də yerüstü və dəniz vasitəsilə yükdaşımalar üçün geniş imkanlar yaranacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən və Qaradağ rayonunun Ələt qəsəbəsində dəniz limanının açılmasından sonra yükdaşımaların həcmi artacaqdır. Bu, ən ucuz və qısa marşrut olacaqdır".
AzərTAc