Amerikada çıxan "Houston Chronicle" qəzetinin 17 may tarixli nömrəsində "Azərbaycan Mədəniyyət Mərkəzi Bakının nə üçün "Sovet İttifaqının Hyustonu" olmasını nümayiş etdirir" adlı məqalə dərc edilmişdir. Məqalənin müəllifi Keysi Mikel Azərbaycan Mədəniyyət Mərkəzində Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İ.Axundova ilə görüşüb söhbət etmiş və keçən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan milli-azadlıq hərəkatı, Ermənistan-Azərbaycan müharibəsi və Qarabağda azərbaycanlı əhalinin etnik təmizlənməsi nəticəsində yaranmış qaçqın düşərgələri haqqında onun xatirələrini qələmə almışdır.
Məqalədə deyilir ki, mədəniyyət mərkəzi əsasən Amerika ictimaiyyətini Azərbaycan mədəniyyəti haqqında məlumatlandırmaq, Azərbaycan incəsənətini təmsil etmək, habelə Hyustonun və ona yaxın ərazidəki şəhərlərin Azərbaycan icmasını sıx birləşdirmək üçün nəzərdə tutulmuşdur.
Müəllif Toğrul Məmmədbəyov və Zümrüd Xəlilova ad-soyadlı iki volonterin sözlərini sitat gətirir. Onlar qeyd etmişlər ki, azərbaycanlı gənclər bu mərkəzə tez-tez baş çəkir və amerikalıları Azərbaycan haqqında, onun mədəni irsi haqqında məlumatlandırmaq üçün tədbirlər keçirilməsinə kömək edirlər. Z.Xəlilova vurğulamışdır ki, bu yaxınlarda mədəniyyət mərkəzində Hyuston şəhərinin Holokost Muzeyi ilə birgə təşkil edilmiş, islam diasporu tərəfindən bu muzeyin dəstəklənməsinin rəmzi olan bədii layihə həyata keçirilmişdir. Müəllif qeyd edir ki, Azərbaycan Mədəniyyət Mərkəzində kulinariya, bədii incəsənət, şahmat və başqa mövzulara aid məşğələlər keçirilir. Hyuston və Bakı şəhərləri arasında mədəni əlaqələrlə yanaşı, onlar həm də öz regionlarının neft mərkəzləridir. İki neft paytaxtı arasında mədəni və iqtisadi əlaqələr yaradılmasının əsas səbəbi də məhz bu fakt olmuşdur.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci il oktyabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə açılmışdır.
AzərTAc