PDF Oxu

Siyasət

  • 8

“İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri”

“İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri”

Bu gün Bakıda "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının sədri Azay Quliyevin sədrliyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, USAİD-in nümayəndəsi Ronald Qlass, Azərbaycan Hüquqşünasları Konfedarasiyasının İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseyinli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Monika Martinez və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, tədbirin keçirilməsində başlıca məqsəd insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti strukturlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək və insan hüquqlarının təminatı sahəsində, eləcə də ifadə azadlığı sahəsində qanunvericiliyin inkişafı perspektivləri ilə bağlı müzakirələrin aparılmasıdır: "Biz vaxtaşırı bu kimi dialoqları keçirməklə vətəndaş cəmiyyətini düşündürən məsələləri müzakirə edirik."

PA-nın ictimai-siyasi şöbəsinin müdürü Əli Həsənov isə bildirib ki, Azərbaycan hökuməti istənilən mövzu, o cümlədən media ilə bağlı istənilən məsələnin müzakirəsinə hazırdır və bunda maraqlıdır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutları, KİV, yerli və beynəlxalq qurumlarla, həmçinin hakimiyyətin digər qanadları ilə insan hüquqları sahəsində prinsipial məsələlərə dair dialoqların keçirilməsini təqdir edir və dəstəkləyir.

PA rəsmisinin sözlərinə görə, hər bir dialoq, fikir mübadiləsi sonda optimal yolların tapılmasına şərait yaradır, fərqli fikirlərin ümumi ortaq nöqtələrdə uzlaşdırılması üçün müvafiq qurumlara əlavə dəstək verir: "Bu anlamda insanların mətbuatla, medianın cəmiyyətlə münasibətləri məsələlərinə toxunulması, Azərbaycan cəmiyyətində aktual məsələlərdəndir. Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm bölmələr 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bu Konstitusiyadan sonra qəbul olunan əksər qanunlar və təşəbbüslər cəmiyyətdə insan hüquqlarının təminatının dolğunlaşdırılması, beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsi və cəmiyyətdə tətbiqinə yönəlib. Biz elə bir cəmiyyət arzulayır və çalışırıq ki, insanların hüquqlarının balansı qorunsun, hüquqlar dolğun təmin olunsun və hər bir vətəndaş Azərbaycan cəmiyyətinə inamını hiss etsin".

Ə.Həsənov vurğulayıb ki, bunun üçün qanunvericilik təşəbbüsləri bu istiqamətə yönəlməlidir.

Administrasiya rəsmisi diffamasiya haqqında qanuna toxunaraq əlavə edib ki, gələcəkdə "Diffamasiya haqqında" qanunun Azərbaycan cəmiyyətində qəbulu və tətbiqi məsələlərinə baxılacaq: "Bu qanunun qəbul olunması təşəbbüsünü bəzən Azərbaycan cəmiyyətində anlamırlar. Xüsusilə də, bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam. Ona görə, bu qanunun əsas fəlsəfəsinə, məqsəd və mahiyyətinə diqqət yetiriləcək. "Diffamasiya haqqında" qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli və peşəsinin şərəfinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Bu qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Heç zaman elə təbliğ olunmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim-kimi istəyir və necə gəldi təhqir edə bilər, şərəf və ləyaqəti təhqir oluna bilər. Bu təmamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq. Bu cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olsa, bir o qədər bizim cəmiyyət üçün keçərli olacaq. Bu azad sözə geniş imkan və şəffaflıq şəraiti yaratmaq məqsədi daşıyır. Bu gün Milli Məclisin şərəf və ləyaqətin təhqiri ilə bağlı cəza tədbirlərini sərtləşdirilməsini bəziləri mətbuat və söz azadlığının sərtləşdirilməsi kimi təqdim edirlər. Qətiyyən belə deyil. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamam başqa qanunla həyata keçirilir. Bununla bağlı "Mətbuat", "Teleradio" haqqında qanunlar və "Jurnalistin əxlaq kodeksi" var. Bu prinsiplərə əməl edən hər bir jurnalist istənilən sahəyə müdaxilə edə bilər, Eyni zamanda informasiya toplaya, yaya, təhlil edə bilər. "Diffamasiya haqqında" qanun da ona yönəlib ki, bəzən jurnalistlər bilərəkdən və ya bilməyərəkdən informasiya yanlışlığına yol verir. Bu insanlar dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə də, bu haqda gedən müzakirələrdə cinayət məsuliyyəti doğuran məsələlərlə digər məqamların izahı düzgün aparılmalıdır".

Əli Həsənov qeyd edib ki, "Diffamasiya haqqında" qanun ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırma ərəfəsindədir"

Azərbaycan, Demokratiya və İdarəçilik ofisinin direktoru (USAİD) Ronal Qlass söz alaraq, bu cür məsələlərin müzakirəsindən qürur duyduğunu dilə gətirib: "İdeyalar, tollerantlıqla bağlı məsələlərin gündəmə gətirilməsi xüsusilə əhəmiyyətlidir. Biz bu konfransa hazırlıqla bağlı öz araşdırmalarımızı aparmışıq. Bu çox mühüm bir təşəbbüsdür. Nəticə etibarilə, şərəf və ləyaqət Azərbaycan üçün çox vacib məsələlərdən biridir".

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli bildirib ki, bu məsələnin gündəmə gətirilməsi doğru bir addımdır. Düşünürük ki, bu məsələnin müzakirəsi beynəlxalq partnyorlarımızın marağına səbəb olacaq. Biz gərək media, hüquqlar, ifadə azadlığı ilə bağlı məsələləri ictimailəşdirək. Hesab edirəm ki, gələcəkdə bu məsələ nəzərə alınacaq. İstənilən təşəbbüs, o cümlədən qanunvericilik təşəbbüsü çox müsbət qəbul olunur. Yəni bir neçə şəxsin, hökumət təşkilatlarının, medianın istənilən qanunvericiliyin təşəbbüsü əhəmiyyətlidir. Vurğulamaq istəyirəm ki, Konstitusiyaya görə qanunvericiliyin subyektləri mövcuddur. İstənilən təşəbbüs subyektlərin ümumi məlumatlandırılması əsasında həyata keçirilməlidir. Bu baxımdan düşünürəm ki, hüquqşünasların, Mətbuat Şurasının Diffamasiya ilə bağlı qanunvericilikdə əməkdaşlığı daha da sıx olmalıdır. Biz hüquqşünaslar Diffamasiya haqqında qanunvericiliklə məşğul olanda, yeni məlumatlar əldə edirdik. Bu sahədə dövlətlə bizim baxışlarımız üst-üstə düşür. Prezident Administrasiyasının rəsmisinin söylədiyi fikirlərdə də bu, öz əksini tapıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin ehtimallaşdırılmasının heç bir hüquqi bazası yoxdur".

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, MŞ yaranandan diffamasiya ilə bağlı məsələləri gündəmdə saxlayıb: "Məhz bununla əlaqədar Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili" elan edib. Hətta həmin layihə ilə bağlı 3 beynəlxalq konfrans həyata keçirilib. Bu layihənin müzakirəsi ona görə önəmlidir ki, burada QHT-lər, vətəndaş cəmiyyətinin üzvləri ilə yanaşı Prezident Administrasiyasının rəsmisi, hüquq komitəsinin sədri də iştirak edirlər".

Daha sonra Amerika Hüquqşünaslar Assosasiyasının Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Robert Stir, ATƏT-in Bakı ofisinin rəhbər müavini Monika Martinez, Media hüquqları üzrə mütəxəssis Ələsgər Məmmədli layihə ilə bağlı dəyərli fikirlərini bölüşüblər.

sia.az

Digər xəbərlər