PDF Oxu

Siyasət

  • 10

Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbəsi şəksizdir

Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbəsi şəksizdir

Azərbaycan xalqı qarşıdakı prezident seçkilərində bir daha Prezident İlham Əliyevlə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə birgə olduğunu nümayiş etdirərək öz gələcəyinə səs verəcəkdir. Bu günümüzün uğurları fonunda bir daha qətiyyətlə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbəsi şəksizdir.

AzərTAc xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının VIII konfransında təşkilatın sədri Nizami Əhmədovun hesabat məruzəsində səslənmişdir.

YAP rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Məruzədə qeyd olunmuşdur ki, konfrans çox əlamətdar bir vaxta təsadüf edir. Bu günlər xalqımız öz böyük oğlunun – çağdaş tariximizə pozulmaz möhürünü vurmuş ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin təntənələrini yaşayır. Müstəqil və müasir Azərbaycanın qazandığı bütün uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu uğurlarda Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının da özünəməxsus payı vardır.

Bildirilmişdir ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları günbəgün genişlənən, bütövlükdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilən YAP yarandığı gündən indiyədək öz proqram məqsədlərinə uyğun fəaliyyət göstərmişdir. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 600 mindən artıq üzvü olan YAP ötən müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazana bilmişdir. Partiyanın qurultaylarında qəbul edilmiş tarixi qərarlar ölkəmizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.

Məlumat verilmişdir ki, 70 ərazi təşkilatını və 3715 partiya üzvünü özündə birləşdirən rayon təşkilatının tərkibinin 52 faizini qadınlar, 42 faizini isə gənclər təşkil edir. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

2013-cü ilin prezident seçkiləri ili olduğunu nəzərə çarpdıran N. Əhmədov artıq rayon təşkilatında bu istiqamətdə hazırlıq işlərinə başlandığını - qərargah yaradıldığını, fəaliyyət proqramının müəyyənləşdirildiyini diqqətə çatdırmışdır.

YAP Siyasi Şurasının üzvü, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, partiya fəalları konfransda çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolundan və xidmətlərindən, eləcə də qarşıda duran vəzifələrdən danışmışlar.

Konfransda Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilmişdir.

AzərTAc

Digər xəbərlər