İlham Əliyev: "Hərtərəfli inkişaf hər bir yerdə getməlidir, biz bütün bu işləri kompleks şəkildə aparırıq"
Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların inkişafını hər zaman diqqət mərkəzində saxlayır, yerlərdə görülən quruculuq işləri ilə şəxsən tanış olur, müvafiq tapşırıqlar verir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də dövlət başçısının bölgələrə səfərləri yeni müəssisələrin, o cümlədən, mədəniyyət ocaqlarının, turizm-istirahət məkanlarının açılışı, yeni obyektlərin təməlinin qoyulması ilə davam edir. Dövlət başçısının səfərlər zamanı insanlarla həmişə təmasda olması, siravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya qoyulan yeni vəzifələri icra etməkdə geniş imkanlar yaradır, hakimiyyətlə xalqın birliyini möhkəmləndirir. Qeyd etmək lazımdır ki, son doqquz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür.
Bölgələr sürətli inkişaf yolunda
Bu gün ölkəmizin bütün bölgələri sürətli inkişaf yolundadır. Ölkə Prezidentimiz bu günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılış mərasimində iştirak etmişdir. Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilərkən bildirildi ki, xalqımızın mənəvi dünyasının ucalığından soraq verən daha bir mühüm hadisə müasir Azərbaycan salnaməsinə daxil olur. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi yeni həyatına başlayır. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi milli-mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilir. Diqqətə çatdırıldı ki, Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur. Həmçinin, vurğulandı ki, Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlamışdır. Ölkə Prezidenti görüş zamanı çıxışında bildirmişdir ki, bu, əslində, Azərbaycanda bütövlükdə gedən işlərin təzahürüdür: "Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilmişdir".
Dövlət başçısı, həmçinin, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrildiyini də vurğulamışdır: "Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaqdır. Azərbaycanda nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır... Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir".
"Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin"
Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini çıxışlarında vurğulayaraq demişdir: "Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin".
Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli sosial-iqtisadi modelin başlıca istiqamətləri ölkə iqtisadiyyatının dinamik inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində Azərbaycanın genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ölkəmiz ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur. Artıq dövlət müstəqilliyinin 22-ci ilini qeyd etmiş ölkəmizdə sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanır. Bu siyasətin başlıca istiqamətlərindən biri isə ölkənin regionlarının tarazlı inkişafıdır. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentin dediyi kimi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda, bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir. Ölkəmiz məhz bu istiqamətdə inkişaf etməlidir. Güclü iqtisadiyyatla yanaşı, insanlara qayğı və diqqət də ən yüksək səviyyədə olmalıdır".
Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri İlham Əliyev regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Eyni zamanda, ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...
"Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir"
Hər bir vətəndaş respublikamızın ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak etməklə, baş verən prosesləri yaxından izləməli, ölkəmizin bütün sahələrdə qazandığı uğurlara sevinməklə yanaşı, bu uğurların qazanılmasında öz töhfələrini verməlidir. Azərbaycan cəmi 21 ildir müstəqillik əldə edib. Ölkəmizin bu illər ərzində sürətli inkişaf yoluna baxmaq üçün bəzi statistik məlumatlara müraciət etmək istəyirəm. Müstəqilliyimizin ilk illərində Azərbaycan beynəlxalq aləmdə kasıb ölkələrdən hesab olunurdu, ölkə əhalisinin 50%-ə qədəri kasıblıq həddi səviyyəsində yaşayırdı, dövlət büdcəsi 1,5-2,0 milyard dollar səviyyəsində, ölkədə işsizliyin səviyyəsi yüksək və inflyasiyanın səviyyəsi 30% həddində idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimiz dözülməz, ağır şəraitlərdə çadır düşərgələrində, vaqonlarda, bəzi qeyri-yaşayış obyektlərində məskunlaşmışdılar. Onlar əsasən beynəlxalq hümanitar təşkilatların yardımları hesabına yaşayırdılar.
İqtisadiyyat bərbad vəziyyətdə idi, ölkənin müdafiə qabiliyyəti aşağı səviyyədə idi, orduda hərc-mərclik hökm sürürdü. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20%-nin işğal edilməsi, digər tərəfdən Azərbaycanı sevməyən, onun müstəqilliyini istəməyən dövlətlərin siyasəti, təzyiqləri ölkəmizin daxilində sapı özümüzdən olan dağıdıcı müxalifətin "fəaliyyəti" Azərbaycanı parçalanmaq, bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Lakin bu ağır vaxtda xalqın istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə vəziyyət kökündən dəyişməyə başladı. Qısa bir müddət ərzində Ulu Öndər bütün bu hərc-mərcliyə, özbaşınalığa son qoydu, həm iqtisadiyyatda, həm ordu quruculuğunda əsaslı dönüş yaratdı. Beynəlxalq aləmdə siyasi vəziyyəti düzgün, uzaqgörənliklə qiymətləndirərək, dövlətin siyasi kursunda dəyişiklik etdi. Beləliklə, Azərbaycan xalqının, dövlətinin həm iqtisadi, həm siyasi inkişafının təməli qoyuldu. 2003-cü ildən Azərbaycan xalqının dəstəyi ilə Prezident seçilən İlham Əliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən iqtisadi və siyasi kursu layiqincə davam etdirir. Cənab İlham Əliyev həmin ildə andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Reallığa yüksək dəyər verən xalqımız bu gün Azərbaycanın böyük inkişaf yolunda olduğunu görür və qiymətləndirir. Cənab İlham Əliyev qeyd etmişdir ki, son illərin statistikası Azərbaycanın inkişafı barədə aydın təsəvvür yaradır. Bir Lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri sözünün sahibi olmasıdır. Azərbaycan xalqı qəti əmindir ki, onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcək. "Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik"- vədini də Prezident İlham Əliyev şərəflə yerinə yetirməkdədir.
Qarşıdan prezident seçkiləri gəlir. Ölkə başçısı İlham Əliyevin 2003-2008-ci illərdə gördüyü işlər Ona 2008-ci il prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazandıraraq, yenidən Prezident seçilməsini şərtləndirmişdir. Heç şübhəsiz ki, bu siyasi kampaniyada da xalqımız Cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək. 2008-ci ildən bu günə qədər ötən dövr ərzində qazanılan nəticələrə diqqət yetirsək, bir daha bu inamı qeyd edə bilərik ki, İlham Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsi şəksizdir.
RƏFİQƏ KAMALQIZI