PDF Oxu

Siyasət

  • 9

İtaliyanın məşhur “Sapienza” Universitetində azərbaycanşünaslıq kursunun təsis edilməsinin birinci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir

İtaliyanın məşhur “Sapienza” Universitetində azərbaycanşünaslıq kursunun təsis edilməsinin birinci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir

Avropanın ən böyük universitetlərindən biri olan Romanın "Sapienza" Universitetində azərbaycanşünaslıq kursunun təsis edilməsinin birinci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Sapienza" Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru, professor Antonello Biacini tədbiri açaraq Azərbaycan ilə İtaliya arasında çoxsahəli əlaqələrdən danışmış, 2012-ci ildə Bakı şəhərində "Sapienza" Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətini qeyd etmişdir. A.Biacini Azərbaycanın İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində "Sapienza" Universitetinin tədqiqatçılarının Azərbaycanın tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzularında yazdıqları kitablar barədə məlumat vermişdir.

Tədbirdə "Sapienza" Universitetinin müxtəlif sahələr üzrə professorları və müəllimləri Daniel Pomiyer, Andrea Karteni, Fabio Grassi, Alfredo Antonaçi və Roberto Kerubini çıxış edərək azərbaycanşünaslıq kursunun məhz bu ali təhsil ocağında təsis edilməsinin əhəmiyyətini qeyd etmişlər.

Konfransda universitetin azərbaycanşünaslıq kursunu bitirmiş və ölkəmizə səfər etmiş tələbələri də çıxış etmiş, təəssüratlarını bölüşmüşlər.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov "Sapienza" Universitetinin rəhbərliyinə təşəkkürünü bildirərək belə bir tədris kursunun təsis edilməsini yüksək qiymətləndirmişdir.

"Sapienza" Universitetinin Avropanın müasir tarixi kafedrasının müdiri, professor xanım Ciovanna Motta öz çıxışında müasir tarixin öyrənilməsinin İtaliyanın digər ölkələrlə əlaqələrin genişlənməsinə müsbət təsir göstərdiyini bildirmişdir.

Daha sonra səfir Vaqif Sadıqov Azərbaycanın müasir tarixi, xarici və iqtisadi siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzularına həsr edilmiş mühazirə ilə çıxış etmişdir.

Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmış və müzakirələr aparılmışdır.

AzərTAc

Digər xəbərlər