Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanın və Gürcüstanın Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstan parlamentinin, hökumətinin, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Muzeyin direktoru Leyla Əliyeva iştirakçılara iki dost ölkənin müstəqillik uğurundakı mübarizəsindən, əldə etdiyi uğurlardan danışmış, ulu öndər Heydər Əliyevin Azərbaycan ilə yanaşı, Gürcüstanın müstəqilliyinin əbədi və sarsılmaz olmasında əvəzsiz xidmətlərindən söz açmışdır.
Tbilisidəki "İntellekt" nəşriyyatı tərəfindən bu günlərdə nəfis şəkildə işıq üzü görmüş "Heydər Əliyev Gürcüstanda" kitabının təqdimatı iki dövlətin müstəqillik bayramına ən böyük hədiyyə kimi qiymətləndirilmişdir.
Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirinin birinci müavini Marina Mizandari AzərTAc-ın müxbirinə demişdir ki, əsaslı bərpa işlərindən sonra Tbilisinin qədim məhəlləsində fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Muzeyində xalqlarımızın əzəli arzusu olan müstəqillik bayramının qeyd edilməsi əlamətdar hadisədir.
Nazir müavini burada bütün Qafqazın xeyirxahı, müdrik insan, görkəmli siyasətçi Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva demişdir ki, hər iki ölkə üçün çox önəmli olan bayramın M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində qeyd olunması münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin daha da dərinləşdiyinin əyani nümunəsidir.
Q. Paşayeva ötən əsrin 90-cı illərində hər iki ölkənin müstəqilliyini bərpa etməsi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dinamik inkişaf yoluna qədəm qoyması barədə ətraflı söhbət açmışdır. O, Ulu Öndərin bu qayıdışı ilə yalnız Azərbaycanda deyil, həmçinin Gürcüstanda, ümumiyyətlə bölgədə hərc-mərclikdən sabitliyə keçidin başlandığını xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan kimi, Gürcüstanın da ərazi bütövlüyü pozulmuşdur, hər iki dövlət separatizmdən əziyyət çəkir, biz çalışmalıyıq ki, bütün qüvvələri bu problemlərin həllinə yönəldək.
Q.Paşayeva "Heydər Əliyev Gürcüstanda" kitabının təqdimatının bu tədbirə təsadüf etməsini mühüm hadisə adlandırmış və Azərbaycan-Gürcüstan münasibətlərinin çoxlarına nümunə göstərilən hazırkı durumunun əsasının məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini və Ulu Öndərin gələcək uğurlara istiqamətlənmiş siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Demur Başeleişvili, SOCAR-ın məsul əməkdaşı Şövqi Mehdizadə, məşhur rejissor Tengiz Txilava və başqaları Azərbaycan və gürcü xalqlarının əbədi arzusu olan müstəqilliyimizin qorunub saxlanılması üçün bütün qüvvələri birləşdirməyin vacibliyini vurğulamışlar.
Sonda iştirakçılar Ulu Öndərə həsr olunmuş "Dənizdən dənizə" filminə baxmışlar.
AzərTAc