QHT-lərə Dövlət Dəstəyi Şurası qarşıdan gələn prezident seçkisinin monitorinqi və seçicilərin maarifləndirilməsi ilə bağlı müxtəlif layihələri maliyyələşdirəcək. SİA-nın məlumatına görə, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məlumat verib.
O bildirib ki, seçicilərin maarifləndirilməsi ilə bağlı layihələr vasitəsilə seçicinin səsvermə zamanı olan hüquq və vəzifələri təbliğ olunacaq: "Seçkinin monitorinqinin təşkili ilə bağlı layihədə yenilik tətbiq olunub. Bu yeniliyə əsasən, bu il ilk dəfə olaraq, QHT-lər koalisiya şəklində layihələrini təqdim edə biləcəklər. Koalisiyada minimum 5 QHT təmsil olunmalıdır. Onun sözlərinə görə, QHT-lərdən birinin, yəni operator kimi çıxış edən QHT-nin rəsmi dövlət qeydiyyatının olması vacibdir. Koalisiyanın özünün isə dövlət qeydiyyatına alınması tələb edilmir..
Şura sədri hər bir layihənin maliyyələşdirilməsi üçün maksimum 50 min manat maliyyə vəsaitinin ayrılacağını söyləyib. O qeyd edib ki, QHT-lərin qarşısında qoyulan vəzifənin vacibliyi ayrılan məbləğin artırılmasına səbəb olub. Eyni zamanda, seçkini monitorinq edəcək QHT Koalisiyaları tərəfindən təkliflər 2 mərhələdə qəbul ediləcək. Birinci mərhələdə ilkin layihə barədə məlumat öz əksini tapacaq. Layihələrin qəbulu ilə bağlı heç bir məhdudiyyət yoxdur. Standartlara uyğun olacağı təqdirdə layihələr təsdiq olunacaq".
sia.az