Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının IX konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya qurumun ötən konfransdan sonrakı fəaliyyəti haqqında hesabat vermişdir. Bildirilmişdir ki, 1993-cü ilin martında təsis edilən rayon təşkilatı son illər həm keyfiyyət, həm də kəmiyyət baxımından yeni mərhələyə qədəm qoymuş, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilmişdir. Qurum ötən konfransdan keçən müddət ərzində təşkilati cəhətdən daha da möhkəmlənmiş, kütləviliyi artmışdır. Həmin dövrdə partiya sıralarına 2205 yeni üzv qəbul edilmişdir. Bununla da 166 ərazi ilk partiya təşkilatında birləşən partiya üzvlərinin sayı 10 min 172 nəfərə çatmışdır. Onların 3997 nəfəri qadın, 2807 nəfəri isə gənclərdir.
Qeyd olunmuşdur ki, YAP Azərbaycan xalqının iradəsini, istək və arzusunu ifadə edərək qarşıdakı prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürəcəkdir. Xalqımız dövlət başçısının siyasi kursunu bəyənir və seçkilərdə məhz onu dəstəkləyəcəkdir.
Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev konfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı roldan danışmış, təşkilatın üzvlərinə qarşıdakı prezident seçkilərində uğurlar arzulamış, bununla bağlı təklif və tövsiyələrini bildirmişlər.
Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.
AzərTAc