Mayın 23-də "Park-İnn" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yola nəzər salmışdır.
Bildirilmişdir ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsəlman Şərqinin mayakına çevrilmişdir. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan vermişdir.
Bu gün Cümhuriyyətin elan olunmasından 95 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı həmin şanlı tarixi mərhələni böyük qürur hissi ilə qeyd edir. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin böyük siyasi dühası, dəmir iradəsi və dünya miqyaslı şöhrəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə kövrək müstəqilliyimizi qorudu və müasir, güclü, regionda lider dövlətə çevrilən Azərbaycanın təməlini qoydu. Müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətini özündə yaşadır və inkişaf etdirir.
Elmi-praktik konfransda digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdən geniş söz açmış, Cümhuriyyət qurucularının arzu və istəklərinin bu gün reallığa çevrildiyini bildirmişlər.
AzərTAc