Bu konfransda müzakirə olunan mövzulardan faydalanacağıma inanıram.
Bu sözləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən illik konfransında iştirak edən Rüşvətxorluqla Mübarizə üzrə Parlament Üzvlərinin Qlobal Təşkilatının sədri Nasir Əl Sani AzərTAc-a müsahibəsində demişdir.
Azərbaycanda ikinci dəfə olmağından məmnunluğunu ifadə edən Nasir Əl Sani konfransın yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır.
Dünyanı bürüyən iqtisadi böhran mühitində Azərbaycanın regionda, xüsusilə MDB məkanında liderliyini qoruduğunu bildirən küveytli qonaq paytaxtımızın inkişaf etdiyini, Bakının cəlbedici şəhər olduğunu xüsusilə qeyd edərək demişdir: "İlk dəfə 7 il bundan əvvəl ölkənizdə olmuşam. Azərbaycan son 20 ildə mühüm nailiyyətlər əldə etmiş ölkədir. Ölkəniz qlobal iqtisadiyyatın inkişafında, hətta dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm töhfələr vermişdir. Dünyada gündən-günə artan nüfuzunuz, iqtisadi inkişaf göz önündədir. Tikilən yeni binalar, dənizkənarı mənzərə insanda unudulmaz təəssürat yaradır. Dünyanın bir çox nüfuzlu biznesmenlərinin Azərbaycana marağı getdikcə artır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan müvafiq qurumla əməkdaşlıq edirik. Ölkənizə daha da çiçəklənməyi arzulayıram".
AzərTAc