Qazax Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının VIII konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfrans Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin Qazax şəhərindəki abidəsi önünə gül dəstələri qoyulması, əziz xatirəsinin ehtiramla anılması və ilə başlamışdır.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov partiyanın yaranma tarixindən, keçdiyi yoldan danışaraq bildirmişdir ki, bu gün rayonda aparılan abadlıq və quruculuq işlərində partiya üzvləri fəallıqla iştirak edirlər. Konfransda xüsusi vurğulanmışdır ki, qarşıdakı prezident seçkiləri ilə bağlı qazaxlılar artıq öz seçimlərini etmişlər. Onlar Yeni Azərbaycan Partiyasının vahid namizədi, ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevi dəstəkləyəcəklərini bildirirlər.
Tədbirdə Milli Məclisin deputatı Əhməd Vəliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov və başqaları çıxış edərək partiyanın keçdiyi yoldan, ulu öndər Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan danışmışlar.
Sonda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.
AzərTAc