ABŞ-ın Florida ştatındakı Hallendeyl-Biç şəhərinin meriyası Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 95-ci ildönümü ilə əlaqədar olaraq proklamasiya nəşr etmişdir. Proklamasiyada 1918-ci il mayın 28-də "özündə Qarabağ, Zəngəzur və Naxçıvanı birləşdirən, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan, eyni zamanda, digər demokratik respublikalar, o cümlədən ABŞ tərəfindən tanınan" ADR-in yaranması haqqında tarixi faktdan söz açılır. Sənəddə bildirilir ki, Birləşmiş Ştatlar Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qeyd-şərtsiz tanıyır.
Sənəddə Azərbaycan ilə bağlı olan mühüm tarixlərin, o cümlədən Müstəqillik Günü, Azərbaycanlıların Soyqırımı Günü, Xocalı Qurbanlarının Xatirə Günü, Qara Yanvar və digər tarixi günlərin Amerikanın bir neçə ştatı tərəfindən tanınması faktı vurğulanır.
Proklamasiyada Amerika ictimaiyyətinin və ABŞ-ın azərbaycanlı icmasının məlumatlandırılmasında ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) rolu qeyd olunur.
Hallendeyl-Biç şəhərinin meri Coy F.Kuperin imzaladığı proklamasiya mayın 28-ni Azərbaycanın Milli Günü elan edir.
Xatırladaq ki, həmin proklamasiya USAN-ın hər il keçirilən kampaniyası nəticəsində qəbul olunmuşdur.
AzərTAc