Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Niderlandın Maastrixt şəhərində "Azərbaycan Günü" keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycanın Holland Dostları Cəmiyyətinin sədri, Niderlandın Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, senator Rene van der Linden, Limburq vilayətinin rəhbərliyi, digər ətraf şəhər bələdiyyələrinin başçıları, şirkət rəhbərləri, elm adamları, Azərbaycan Diplomatik Akademiyasının (ADA), Azərbaycanda İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri, Niderlandda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, bu ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri və Niderlandda təhsil alan tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rene van der Linden ölkələrimiz arasındakı əməkdaşlıdan danışmışdır.
Daha sonra ADA-nın prorektoru Emin Hüseynov və Maastrixt İdarəetmə İnstitutunun direktoru Vim Naude iqtisadiyyat sahəsində birgə MBA (Master of Business Administration) proqramını imzalamaqla layihənin reallaşdırılmasına start vermişlər. Bu proqram üzrə təhsilini başa vuran tələbələr həm ADA, həm də Maastrixt İdarəetmə İnstitutunun diplomlarına yiyələnəcəklər.
Tədbirdə çıxış edən səfir Mir-Həmzə Əfəndiyev Azərbaycanın tarixi, müstəqilliyin əldə olunması və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Hazırda Ulu Öndərin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın iqtisadiyyatının iqtisadi keçid dövrünün başa çatmasını xüsusi qeyd etmiş, müstəqilliyinin 20-ci ilində ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğunu vurğulamışdır.
Azərbaycan ilə Niderland arasında ikitərəfli əlaqələrin tarixi və hazırkı vəziyyətinə toxunan səfir, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyəti, müsəlman şərqinin öncül mədəniyyət daşıyıcısı olması, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş mədəniyyət inciləri, mədəniyyətimizin təbliğində UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulanmışdır.
AZPROMO-nun investisiyaların təşviqi üzrə direktoru Natiq Mədətov Azərbaycanın başlıca iqtisadi göstəriciləri, ölkədəki investisiya mühiti, iqtisadiyyatımızın inkişafda olan sahələri barədə məlumatı əks etdirən Doing business in Azerbaijan - 2012" başlığı altında geniş vizual təqdimat keçirmişdir.
Niderlandın süd məhsulları istehsalı sahəsində ixtisaslaşmış "Friesian" şirkətinin prezidenti Siebren van der Zvaaq, əmlak məsələləri ilə məşğul olan "Akadis" şirkətinin rəhbəri Andre Kvitovski Azərbaycanda sərmayəçilər üçün yaradılan əlverişli fəaliyyət mühiti və investisiya imkanları barədə ətraflı vizual təqdimat keçirərək, digər iri holland şirkətlərini də Azərbaycana sərmayə qoymağa çağırmışlar.
Tədbirdə Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinde tədbir iştirakçılarına video müraciəti səsləndirilmişdir. Səfir ikitərəfli əlaqələrdən söz açmış, Azərbaycanda sərmayə mühitinin tam olaraq formalaşdığını, ölkəmizdə işlədiyi dövrdə bütün sahələrdə böyük irəliləyişin şahidi olduğunu vurğulamış, Maastrixtdə keçirilən tədbirlərin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini bildirmişdir.
Bununla yanaşı, tədbir zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının tədbirlər planına uyğun olaraq, Azərbaycanın Niderlanddakı səfirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən holland gənclər arasında təşkil olunan "Mən Azərbaycan haqqına nə bilirəm?" inşa müsabiqəsində qalib gələrək Azərbaycana 10 günlük səfər etmək imkanı qazanmış 10 nəfər tələbəyə mükafatlar təqdim olunmuşdur.
Maastrixt İdarəetmə İnstitutunun direktoru Vim Naude bu möhtəşəm tədbirin keçirilməsi üçün onun rəhbərlik etdiyi tədris müəssisəsinin seçilməsinə görə təşəkkürünü bildirmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Belçika Kral konservatoriyasının məzunu Nəzrin Əfəndiyeva (piano) və Maastrixt konservatoriyasının aspirantı Canay Tulenovanın (kaman) ifasında Qara Qarayev və Fikrət Əmirovun əsərlərindən ibarət iki hissəli konsert proqramı böyük maraqla qarşılanmışdır.
Bununla yanaşı, Azərbaycanın milli ornamentləri, milli xalçaçılıq nümunələri, o cümlədən ölkəmizdə turizm imkanları ilə bağlı posterlər və s. ilə bəzədilmiş salonda səfirlik adından təntənəli ziyafət verilmiş, milli geyimdə olan oğlan və qızlar qonaqlara Azərbaycan mətbəxinin təamlarını təqdim etmişlər.
Azərbaycan kəlağayı sənətinin nümunələrinin UNSCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi ərəfəsində bu sənətin təbliği məqsədi ilə Azərbaycandan nəfis kəlağayılar xanım qonaqlara hədiyyə olunmuşdur.
Ziyafət zamanı Azərbaycan haqqında videoçarx nümayiş etdirilmiş, ölkəmiz barədə təbliğat materialları və müxtəlif jurnallar, o cümlədən ingilis dilində nəşr olunmuş "Baku" jurnalı qonaqlara paylanmışdır.
AzərTAc