Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncədə "NATO-Azərbaycan əlaqələri: qazanılmış təcrübə və yeni imkanlar" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, "dəyirmi masa"nı açan Xarici İşlər Nazirliyinin hərbi siyasət məsələləri idarəsinin əməkdaşı Vüqar Qurbanov Azərbaycanın Avratlantik məkana inteqrasiyasının əhəmiyyətindən, NATO-nun dünyada rolu və fəaliyyət istiqamətləri, eləcə də ölkəmizin bu təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından keçən 19 il ərzində görülən işlərdən danışmışdır.
Sonra Azərbaycanın Avratlantik məkana inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi, Şimali Atlantika Alyansının fəaliyyəti, təşkilatın Qafqaz regionunda rolu, eləcə də NATO-Azərbaycan əlaqələrinin dinamikası və funksional əməkdaşlığı haqqında məruzələr dinlənilmişdir.
AzərTAc