PDF Oxu

Siyasət

  • 12

“Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun iştirakçıları İçərişəhərlə tanış olmuşlar

“Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun iştirakçıları İçərişəhərlə tanış olmuşlar

Bakıda keçiriləcək "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun iştirakçıları mayın 26-da İçərişəhərlə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da amerikalılarda böyük maraq doğurmuşdur.

Gəzinti Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə – Buxara karvansarayı ilə tanışlıqla davam etdirilmişdir.

Daha sonra qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

ABŞ-Azərbaycan Forumunun iştirakçıları orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Amerikalı qonaqlar Azərbaycan paytaxtının qədim guşəsi olan İçərişəhərlə tanışlıqdan xoş təəssüratla ayrıldılar.

AzərTAc

Digər xəbərlər