Azərbaycan dövlətçiliyi özünün inkişafı, keşməkeşli və mürəkkəb tarixi dönəmləri baxımından Cənubi Qafqazın ən unikal dövlətidir. Bir çox əsrlər öncə dövlətçilik ənənələrini qurmaq imkanı qazanmış Azərbaycan xalqı zaman-zaman kənar müdaxilələr nəticəsində bu təcrübəni yetərincə və sonadək təkmilləşdirmək imkanından məhrum olmuşdur. Azərbaycan ərazisində müxtəlif əraziləri əhatə edən XI-XIX əsrlər arasında ayrı-ayrı dövlətlər yaradılmış, dövlət idarəetməsinin milli modelinin ilkin rüşeymləri inkişaf etdirilmişdir. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.
Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.
İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.
1919-cu ilin sonu və 1920-ci ilin əvəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüvələrin, siyasi partiyalann qütbləşməsi, Azərbaycanın inkişaf yollanna dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.
Bu zaman "Müstəqil Sovet Azərbaycanı" şüarı və müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, "Hümmət", "Ədalət" təşkilatlarını KP halında birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə Azərbaycan KP nın yaradılmasına rəy verildi.
1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-ı adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi.
RK(b)P-nın bölməsi kimi yaranan Azərb. KP-nın I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.
1920-ci ilin yanvar - fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.
Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.
1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.
Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əməli tədbirlər görülür. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Müstəqil Azərbaycan Respublikasının banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin milli tariximizdə misilsiz rol oynamış və müasir tarixi dövrdə demokratik inkişaf istiaməti ilə irəliləyən Azərbaycan Respublikasının önəmli tarixi istinad məqamı olan ADR haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlayacaqdır: "Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yeitiririk və yetirəcəyik."
yap.org.az