"Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dövlət səviyyəsində kifayət qədər tədbirlər həyata keçirilir. Cümhuriyyətimizin şərəfinə abidələr qoyulur, yubileyləri yüksək səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi və bu dövlətin qurucularının xatirəsini əbədiləşdirmək üçün mühüm sərəncamlar imzalayıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, 28 May tarixi təqvimə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, müasir Azərbaycan Respublikası Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Xalq Cümhuriyyətinin varisidir.
"Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra SSRİ-nin tərkibində olaraq xalqımızı məhv etmək istiqamətində siyasət həyata keçirilirdi. Bu proses 1960-cı illərədək davam etdi. Heydər Əliyev DTK-nın sədri seçilməsilə ilk dəfə Azərbaycan tarixində millətin taleyi həmin millətdən olan insanın imzasına etibar olundu. Mən bu fikirləri tarixə söykənərək tam səmimiyyətlə deyirəm. Ulu öndər Heydər Əliyevin çox böyük tarixi xidmətləri oldu. Keçmiş SSRİ-nin Siyasi Büronun üzvü olmaqla O, idarə olunan xalqı idarə edən xalqa çevirdi. Ulu öndərimiz üçrəngli bayrağımızı əbədi və əzəli olaraq zirvələrə ucaltdı. Cümhuriyyət tarixinin hazırda öyrənilməsi, elmi cəhətdən araşdırılması da diqqət çəkir. Hazırda ən çox cümhuriyyət tarixinin öyrənilməsinə önəm verilir.Bu gün onun tarixdə yeri və rolu kifayət qədər araşdırılıb, tədqiqatlar aparılıb. Həmin dövlətin ayrı-ayrı liderlərinin öyrənilməsi işi bu gün də davam edir. Yəni bu sahədə kifayət qədər uğurlarımız var"- deyə, F.İbrahimli vurğulayıb.
yap.org.az