"Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" mövzusunda IV Beynəlxalq forum iyunun 5-6-da Volqoqradda keçiriləcəkdir. Forumda hər iki dövlətin prezident administrasiyalarının, icra və qanunverici hakimiyyət orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər. Volqoqrad vilayəti hökumətinin mətbuat xidmətində bildirmişlər ki, vilayətin qubernatoru Sergey Bojenov bu görüşə hazırlıq üçün region hökumətində təşkilat komitəsi yaratmış, beynəlxalq forumun keçirilməsi ilə bağlı bütün məsələlərin həlli həmin komitəyə tapşırılmışdır.
Qubernator Sergey Bojenov Rusiya-Azərbaycan forumunun Volqoqradda keçirilməsi ideyasını şərh edərək vurğulamışdır: "Qarşıdakı görüşün keçiriləcəyi məkan kimi Volqoqrad vilayətinin seçilməsi təsadüfi deyildir: region biznes strukturlarla güclü işgüzar əlaqələrə və yaxşı iqtisadi potensiala malikdir". Qubernator demişdir ki, belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək Volqoqrad vilayəti üçün həm böyük şərəf, həm də yüksək məsuliyyətdir. S.Bojenov demişdir: "Əminəm ki, bu forum yeni işgüzar tərəfdaşlarla əməkdaşlıq perspektivləri açacaq, Volqoqrad regionuna investisiyalar cəlb edilməsinə şərait yaradacaq, mədəni və millətlərarası əlaqələri möhkəmlədəcəkdir".
Tədbirin təşkilatçısı "Avrasiya Tədqiqatları İnstitutu" Rusiya İnkişaf Fondudur. Forumun ilkin proqramına əsasən, onun işində 500-dən çox adam iştirak edəcəkdir. Forumun ilk günündə Volqoqrad regionunda regionlararası əməkdaşlıq sərgisi açılacaqdır. Bu sərgidə Rusiya və Azərbaycanın müəssisə və təşkilatları öz sənaye məhsullarını, investisiya layihələrini və innovasiyaları təqdim edəcəklər. Forumun ikinci günü bütünlüklə plenar iclasa və "dəyirmi masa"lara həsr ediləcəkdir. Görüşlərdə işgüzar və sosial sferalarda, habelə energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulur.
Volqoqrad vilayətinin baş nazirinin birinci müavini Roland Xerianovun rəhbərlik etdiyi Təşkilat Komitəsi foruma hazırlıqla əlaqədar texniki və digər təşkilati problemlərin həlli ilə məşğuldur. Bundan əlavə, Volqoqrad vilayətinin potensial işgüzar tərəfdaşları ilə əməkdaşlığın əsas istiqamətləri kimi təqdim etmək niyyətində olduğu layihələr razılaşdırılır.
Eyni zamanda, Volqoqradda ən böyük yaşıllıq zonası olan, uzun illər boyu baxımsız qalmış Mərkəzi Mədəniyyət və İstirahət Parkının ərazisinin bir hissəsini yenidən qurulmasına dair birgə iş planları da Azərbaycan tərəfi ilə müzakirə edilir. Azərbaycan nümayəndə heyəti bu yaxınlarda regionda səfərdə olarkən əldə edilmiş ilkin razılaşmaya görə, Mərkəzi Mədəniyyət və İstirahət Parkının ərazisinin bir hissəsi bütünlüklə Azərbaycan investisiyaları hesabına bərpa ediləcəkdir. Bu, Azərbaycanın Qəhrəman şəhər Volqoqradda hədiyyəsi olacaqdır.
yap.org.az