"ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya vəziyyətdən çıxış yolu üçün yeni variantlar axtarır. Buna görə də Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zəruridir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Ermənistan və Azərbaycan prezidentlərinin iyunda planlaşdırılan növbəti görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu görüş ilk növbədə Ermənistan üçün zəruridir, çünki işğalçı dövlət istər- istəməz mövqeyində düzəliş etməlidir: "Qarşı tərəf Dağlıq Qarabağla bağlı obyektivliyi qəbul etməlidir. Həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ona gətirib çıxarır ki, regiondakı vəziyyət istənilən halda həll edilməlidir. Azərbaycan üçün isə belə yarımçıq həll qəbuledilməzdir".
"Baxmayaraq ki, danışıqlar uzun müddətdir aparılmır və Ermənistanın mövqeyi nəticəsində vəziyyətdən çıxış yolu görülmür, bununla yanaşı, situasiya bu gün Azərbaycanın xeyrinə işləyir. Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi beynəlxalq aləmdə nüfuzunun artması onun Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi çatdırılmasına səbəb olur. Torpaqlarımızın Ermənistanda olmasına baxmayaraq, hazırkı vəziyyət Ermənistanın həm dövlətçiliyinə, həm də mövqeyinə zərbə vurur. Bunu Ermənistan və onu müdafiə edən müəyyən beynəlxalq dairələr də ciddi şəkildə başa düşür",- deyə millət vəkili fikirlərinə əlavə edib.
A. Mirzəzadə həmçinin qeyd edib ki, blokadanın olması və Ermənistanın bütün regional proqramlardan kənarda qalması həmin ölkənin əhalisinin köçməsinə səbəb olur: "Hətta bir neçə gün bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın işğal edilən torpaqlarının qaytarılması və Ermənistanın iqtisadi blokadada olmasının ağır nəticələri barədə obyektiv fikir deyib".
Millət vəkili Fazil Mustafa isə vurğulayıb ki, əgər prezidentlərin növbəti görüşü baş tutsa, hər zaman olduğu kimi, bu dəfə də yeni mövzu olmayacaq. F. Mustafa ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyətlərinə də aydınlıq gətirərək bildirib ki, ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ məsələsində yeni təklifi yoxdur: "Bu baxımdan da yeni situasiya gözlənilmir. Bu sadəcə protokol naminə edilən görüşlərdir. Sadəcə onlar tərəfdən qeydiyyat aparılır ki, regionlara səfər çərçivəsində müəyyən mövzular müzakirə edilib. Bütün cəhdlərə baxmayaraq, heç bir irəliləyiş olmayacaq".
sia.az