Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün Ermənistana qarşı beynəlxalq səviyyədə iqtisadi və siyasi təzyiqlər tətbiq edilməlidir. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Tallinndə keçirilən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin "Dondurulmuş münaqişələr"ə həsr olunmuş müzakirələrdəki çıxışında deyib.
S.Fətəliyeva bildirib ki, bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi, status-kvonun saxlanmasına cəhd göstərməsi, münaqişənin həllini ləngidir. Onun sözlərinə görə, əgər hər gün günahsız insanlar qətlə yetirilirsə, uşaqlar erməni snayperlərinin güllələrinə tuş gəlirsə bu münaqişəni dondurulmuş adlandırmaq olmaz. Artıq 20 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. Bu işğal nəticəsində Azərbaycanda bir milyondan artıq insan öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib.
"Azərbaycan heç bir əsas olmadan tez-tez insan hüquqlarının pozulmasında ittiham edilir. Bu zaman sual meydana çıxır. Nəyə görə Ermənistan silahlı qüvvələri tərəfindən valideynləri vəhşicəsinə qətlə yetirilən uşaqların hüquqlarından söhbət getmir? Niyə Xocalıda öldürülmüş insanların, yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin hüquqları nəzərə alınmır? Söhbət Avropa Şurası qarşısındakı öhdəliklərdən gedirsə, mən güman edirəm ki, bu öhdəliklər qarşılıqlı olmalıdır. Nəyə görə Avropa Şurasının qəbul etdiyi qətnamənin yerinə yetirilməsi üçün səylər göstərilmir?" – deyə, komitə sədrinin müavini qeyd edib.
yap.org.az