Mayın 25-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin birgə reallaşdırdıqları layihə çərçivəsində "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda növbəti seminar keçirilib.
Tədbirdə ölkəmizin 27 regionundan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən gənclər iştirak ediblər. Seminarda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti gənclərə həmişə böyük qayğı və diqqət göstərir. Onların təhsil almaları, işləmələri və layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti bu siyasətin reallaşdırılması istiqamətində son illər bir sıra layihələr həyata keçirib. Azərbaycanda layiqli gəncliyin formalaşdığını deyən Əli Əhmədov diqqətə çatdırıb ki, gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsi cəmiyyətimizin ictimai-siyasi həyatında onların rolunun güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. YAP-ın sıralarında gənclərin sayının sürətlə artdığını vurğulayan Əli Əhmədov bu göstəricinin hazırda 40 faiz təşkil etdiyini bildirib. Bu da onu göstərir ki, gənclər ictimai-siyasi proseslərdə çox fəal iştirak edirlər. Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının həyata keçirtdiyi uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etməkdədir.
Hazırda Azərbaycanın dövlət siyasətində gənclərə böyük önəm verildiyini deyən Əli Əhmədov vurğulayıb ki, dövlətimiz gənclərlə bağlı bütün layihələri layiqincə yerinə yetirir, onların ölkəmizin ictimai-siyasi həyatında iştirakı istiqamətində bir sıra tədbirlər həyata keçirir.
Seminarda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev diqqətə çatdırmışdır ki, gənclər ölkəmizin ictimai-siyasi həyatına kifayət qədər təsir etmə imkanına malikdirlər. Onun sözlərinə görə, Azərbaycanda gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirməsi istiqamətində hər cür şərait yaradılıb.
Ulu öndər Heydər Əliyevin gənclərə qayğısından danışan İntiqam Babayev qeyd edib ki, Ümummilli lider gənclərin yüksək vəzifələrə irəli çəkilməsini daim diqqət mərkəzində saxlayıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
yap.org.az