PDF Oxu

Siyasət

  • 6

“Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun ikinci sessiyası işə başlamışdır

“Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun ikinci sessiyası işə başlamışdır

Mayın 29-da Bakıda Heydər Əliyev Mərkəzində "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun ikinci sessiyası işə başlamışdır.

AzərTAc xəbər verir ki, "Enerji təhlükəsizliyi - Xəzər dənizindən Avropaya doğru: dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası. Cənub Enerji Dəhlizinin yeni perspektivləri" mövzusunda keçirilən sessiyanın moderatorları Azərbaycan Respublikası Milli Məclisinin deputatı Muxtar Babayev və Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Maykl Rubindir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sessiyadakı məruzəsində Azərbaycanın neft-qaz və ixrac marşrutlarının şaxələndirilməsi siyasəti, Dövlət Neft Fondunun fəaliyyəti barədə danışmışdır.

Sonra çıxış edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə ölkəmizin neft-qaz strategiyası nəticəsində öz enerji təhlükəsizliyini təmin etdiyini, hətta qonşu ölkələrin, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulamışdır.

Alman Marşal Fondunun mütəxəssisi Neyl Braun, Cənubi Metodist Universitetinin "Maguire" Enerji İnstitutunun direktor müavini Bernard Ueynştayn, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçi Daniyel Ştayn, Merilənd Müqəddəs Mariya Kollecinin Demokratiya üzrə Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər üzrə professor Maykl Keyn, Qlobal Ehtiyatlar Korporasiyasının təsisçisi və sədri Mehmet Oqutçu məruzələrində müasir dünyada enerji təhlükəsizliyinin ön planda durmasından, Xəzər dənizi karbohidratlarının Avropanın enerji təhlükəsizliyindəki rolundan, "Cənub qaz dəhlizi"nin perspektivlərindən danışmışlar. Vurğulanmışdır ki, Azərbaycan qazının Avropaya çatdırılması üçün "Şahdəniz" Konsorsiumu "Nabukko Qərb" və Transadriatik boru kəməri (TAP) layihələri arasında çox çətin seçim edəcəkdir. Həmçinin Avropanın qaz ehtiyaclarının ödənilməsində Azərbaycan ilə Türkiyənin birgə layihəsi olan TANAP layihəsi də "Cənub qaz dəhlizi"ndə böyük rol oynayır. Bu isə həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolunu daha da möhkəmləndirəcəkdir. Bildirilmişdir ki, ABŞ Azərbaycan ilə enerji sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Bu istiqamətdə ABŞ Transanadolu qaz boru kəməri (TANAP) layihəsini də yüksək qiymətləndirir.

Sonda ARDNŞ-in Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov respublikamız haqqında ümumi məlumat verərək, yenidən müstəqilliyini qazanan Azərbaycanın enerji resurslarından səmərəli istifadə nəticəsində əldə etdiyi uğurlardan, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşmasından, "Şahdəniz-2", TANAP kimi beynəlxalq layihələrdən danışmışdır. Qeyd olunmuşdur ki, özünün uğurlu neft-qaz siyasəti nəticəsində şaxələndirilmiş infrastruktura malik olan Azərbaycanın "Cənub qaz dəhlizi"nin reallaşması ilə Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaqdır. Bildirilmişdir ki, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ 20 faiz torpağı işğal altında olan Azərbaycanın suveren hüququnun bərpa edilməsində səylərini artırmalıdırlar.

Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırmışlar.

AzərTAc

Digər xəbərlər