"22 il bundan əvvəl müstəqilliyini yenidən qazanan Azərbaycan özünün enerji ehtiyatlarından səmərəli istifadə edərək sürətlə inkişaf edən ölkəyə çevrilib. Bu gün həm regional, həm də beynəlxalq səviyyəli layihələrin təşəbbüsçüsü və iştirakçısı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz müstəqil dövlət kimi mötəbər beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Azərbaycan anti-terror koalisiyası tərkibində fəaliyyət göstərir, sülhməramlılarımız Əfqanıstanda və İraqda həyata keçirilən əməliyyatlarda iştirak edir. Onun sözlərinə görə, Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-a dəstək verən ilk ölkələrdən biri olmaqla yanaşı, terrorun bütün formalarını qınayır.
"Azərbaycanın 20 faiz torpağı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal acı nəticələr verib, bir milyondan çox azərbaycanlı doğma torpağında qaçqına və məcburi köçkünə çevrilib. Münaqişənin həll olunmaması regional sabitlik, enerji mənbələrinin inkişaf etdirilməsi, eləcə də iqtisadi və demokratik islahatların həyata keçirilməsi kimi prioritet sahələrdə inkişafa nail olmaq qarşısında əsas maneədir"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az