PDF Oxu

Siyasət

  • 14

“The Japan Times” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş məqalə dərc edilmişdir

“The Japan Times” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş məqalə dərc edilmişdir

Yaponiyanın nüfuzlu, əsasən bu ölkədəki diplomatik nümayəndələr və işgüzar dairələr tərəfindən oxunan ingilisdilli "The Japan Times" qəzetində Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin "Bir xalqın gələcəyə baxışı - İnkişaf konsepsiyası 2020-ci ildə rəqabətqabiliyyətli ölkə yaradacaqdır" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə yaponiyalı oxuculara ölkəmiz, onun yerləşdiyi coğrafi məkan, tarixi, turizm imkanları haqqında ətraflı məlumat verilmişdir.

Müəllif ötən əsrin əvvəllərində müstəqilliyin qazanılmasının böyük tarixi nailiyyət olduğunu vurğulamış, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola nəzər salmış, onun Şərqdə ilk demokratik respublika olduğunu, qadınların səs vermək hüququnun bir çox ölkələrdən əvvəl məhz burada qəbul edildiyini vurğulamışdır.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olduğu, həyata keçirilmiş uğurlu sosial-iqtisadi islahatlar nəticəsində xarici sərmayəçilər üçün əlverişli şəraitin yaradıldığı və müstəqilliyin bərpasından qısa zaman ötməsinə baxmayaraq, ölkəmizin etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırılmışdır.

Məqalədə mayın 10-da anadan olmasının 90 illiyi dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyada geniş qeyd edilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında və inkişafındakı əvəzedilməz xidmətləri xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Ulu Öndərin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına qoşulmuş, regionun lider dövlətinə çevrilmişdir.

Zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq Azərbaycan Respublikasının qlobal enerji siyasətinin formalaşmasında və əhəmiyyətli enerji layihələrinin ölkəmizin ərazisindən keçməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı bildirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşməklə, Qərblə-Şərqi birləşdirən mühüm tranzit ərazidir.

Məqalədə qeyd edilmişdir ki, bütün bu amillər Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiq edir. Bu nailiyyətlər Azərbaycana daha yüksək hədəflərə və məqsədlərə yönələn vəzifələrini müəyyən etməyə imkan verir. Bu baxımdan "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə qarşısında yeni vəzifələr müəyyən etmişdir ki, bu da Azərbaycanı davamlı iqtisadi inkişafın, səmərəli dövlət idarəçiliyinin, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edildiyi əsas strateji hədəflərə qovuşduracaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və dövlətçilik baxımından inkişaf etmiş və rəqabətqabiliyyətli ölkəyə çevriləcəkdir.

Məqalədə yaponiyalı oxuculara Azərbaycanın son illər mühüm uğurlara imza atması, dünya miqyaslı tədbirlərin təşkil olunduğu mərkəzə çevrilməsi barədə ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikasının əlverişli turizm məkanı olması qeyd edilərək ölkəmizdə turizmin əksər növləri ilə məşğul olmaq üçün əlverişli şəraitin yaradıldığı bildirilmişdir. Bu sahədə bir sıra iri layihələrin həyata keçirildiyi, ölkə ərazisində dünya standartlarına cavab verən mehmanxanaların və digər zəruri infrastrukturun yaradıldığı qeyd edilmişdir. Bu xüsusda yaponiyalı turistlər Azərbaycana səfərə və ölkəmizi daha yaxından tanımağa dəvət olunmuşlar.

Məqalədə Azərbaycan-Yaponiya münasibətlərinə dair məlumat verilmiş, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdur. 2012-ci ilin Azərbaycan-Yaponiya münasibətlərində xüsusi yer tutduğu, diplomatik əlaqələrin qurulmasının 20 illiyinin təntənə ilə qeyd edildiyi xatırladılmışdır. Ötən 20 ildə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi, GUAM+Yaponiya formatında siyasi dialoqun davam etdirildiyi və mövcud potensialdan səmərəli istifadə üçün əməli addımların atıldığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Yaponiya ilə insan potensialının inkişafı, təhsil və elmi tədqiqatların aparılması, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, İKT-nin tətbiqi və digər sahələrdə əməkdaşlıqda da maraqlıdır.

Məqalənin sonunda Azərbaycanın zəhmətsevər yapon xalqına sülh, çiçəklənmə və davamlı inkişaf arzuladığı vurğulanmışdır.

Qəzetin həmin nömrəsində çoxsaylı Yaponiya şirkətlərinin Respublika Günü ilə əlaqədar Azərbaycan xalqına təbriklərinə də geniş yer verilmişdir.

AzərTAc

Digər xəbərlər