Azərbaycanın Malayziyadakı səfirliyi Kuala Lumpur şəhərində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Malayziyanın dövlət qurumlarını təmsil edən bir sıra rəhbər şəxslər, yerli ictimaiyyətin nümayəndələri, iş adamları, nüfuzlu KİV-lərin təmsilçiləri, səfirlər, diplomatlar və Malayziyada yaşayan azərbaycanlılar iştirak etmişlər.
Hər iki ölkənin dövlət himni səsləndikdən sonra Malayziyanın müdafiə nazirinin müavini Datuk Abdul Rahim Bakri əlamətdar gün münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etmişdir.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi şərəfli yol barədə danışmış, müasir Azərbaycanın 95 il əvvəl qurulan cümhuriyyətin varisi olduğunu qeyd etmişdir. Səfir ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin qətiyyətlə qorunub möhkəmləndirildiyini diqqətə çatdırmış, Ulu Öndərin müdrik siyasəti sayəsində davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu vurğulamışdır.
Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daxili və xarici siyasətdə əldə olunan möhtəşəm uğurları qeyd etmiş, ölkəmizin bu gün bütün istiqamətlərdə sürətlə tərəqqi etdiyini bildirmişdir.
Sonra Azərbaycanın müstəqillik yolundan və qazandığı nailiyyətlərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları üçün verilən ziyafətdə milli mətbəximizin ləziz təamları təqdim olunmuşdur.
Ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən fotostend mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
AzərTAc