Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə böyük bayram tədbiri keçirmişdir.
Mərasimdə Özbəkistanın Baş nazirinin müavini Uluqbek Ruzikulov, xarici ölkələrin Daşkənddəki səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Özbəkistanın dövlət himnləri səslənmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev mərasim iştirakçılarını 28 May - Respublika Günü münasibətilə təbrik etmişdir. Səfir demişdir ki, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması bizim tariximizdə çox mühüm və əlamətdar hadisə olmuş, müsəlman Şərqində birinci dəfə demokratik respublika qurulmuşdur. Qısa müddət ərzində AXC çox iş görmüş, ölkənin dövlət atributları qəbul edilmişdir. Lakin milli hökumət cəmi 23 ay yaşamış və Azərbaycan yenidən bolşeviklər tərəfindən işğal olunmuşdur.
Diplomat bildirmişdir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmuş, görkəmli siyasi xadim Heydər Əliyev ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra isə sabitlik və inkişaf dövrü başlamışdır. Qısa müddət ərzində Azərbaycanın ümumi inkişaf strategiyası, daxili və xarici siyasət istiqamətləri müəyyənləşdirilmişdir.
Səfir demişdir ki, məhz bu strategiyanın nəticəsidir ki, Azərbaycan güclü inkişaf yolu tutmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam və inkişaf etdirir, ölkəmiz beynəlxalq və regional layihələrdə iştirak edir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu da ölkəmizin dünya birliyi arasında nüfuzunun yüksəlməsinə səbəb olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən diplomat demişdir ki, münaqişənin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu problem Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsiplərə əsasında həll edilməlidir.
Səfir Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişaf etdiyini bildirmişdir. O, son illərdə Azərbaycan Prezidentinin Özbəkistana, qardaş ölkənin dövlət başçısının Azərbaycana rəsmi səfərləri əlaqələrimizin inkişafına təkan verdiyini qeyd etmişdir. Bildirmişdir ki, bu siyasət bundan sonra da davam etdiriləcəkdir.
Sonra mərasim iştirakçılarına ziyafət verilmişdir.
AzərTAc