28 May - Respublika Günü münasibətilə Strasburqda Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyi tədbir keçirib. Avropa Şurasının baş katibi Torbyorn Yaqland, baş katibin müavini Qabriella Battaini-Draqoni, təşkilatın yüksək rütbəli şəxsləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin üzvləri və nümayəndələri, AŞ yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Fransa parlamentinin üzvləri, dövlət və yerli qurumların təmsilçiləri, akademik dairələrinin, eləcə də Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir E.Eyyubov tədbiri açaraq 28 May-Respublika Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib, 95 illiyi qeyd edilən AXC-nin müsəlman Şərqində ilk dünyəvi, demokratik parlamentli dövlət olduğunu diqqətə çatdırıb. Səfir mürəkkəb siyasi vəziyyətə və qısa zaman ərzində mövcudluğuna baxmayaraq AXC-nin bərabərliyə, hüququn aliliyi, insan hüquqlarının qorunması və təşviqinə əsaslanan demokratik, müasir və dünyəvi dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atdığını, mütərəqqi islahatlar həyata keçirdiyini, eləcə də qadınlara ilk dəfə seçki hüququ verdiyini xüsusi vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsində son dərəcə mühüm rolu olduğunu bildirən səfir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bu gün öz vətəndaşlarına xidmət edən iqtisadi cəhətdən güclü, demokratik baxımdan inkişaf etmiş, sosial sahədə rifahın formalaşdığı güclü Azərbaycan dövlətinin mövcud olduğunu vurğulayıb.
Tədbirdə AXC-nin yaradıcılarından olan Ə. Topçubaşovun həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verilib, slaydlar nümayiş etdirilib, onun 150 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı diqqətə çatdırılıb.
Diplomat çıxışında yeni yaranmış AXC-nin tanınması məqsədi ilə Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 1918-ci ildə Paris sülh konfransında iştirakından və onun ABŞ Prezidenti V.Vilsonla keçirdiyi görüşdən bəhs edib.
Malayziyada da Azərbaycanın milli bayramı - Respublika Günü qeyd edilib. Tədbirdə Malayziyanın dövlət qurumlarını təmsil edən bir sıra rəhbər şəxslər, yerli ictimaiyyətin nümayəndələri, iş adamları, nüfuzlu KİV-lərin təmsilçiləri, səfirlər, diplomatlar və Malayziyada yaşayan azərbaycanlılar iştirak etmişlər. Hər iki ölkənin dövlət himni səsləndikdən sonra Malayziyanın müdafiə nazirinin müavini Datuk Abdul Rahim Bakri əlamətdar gün münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etmişdir.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi şərəfli yol barədə danışmış, müasir Azərbaycanın 95 il əvvəl qurulan cümhuriyyətin varisi olduğunu qeyd etmişdir. Səfir Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin qətiyyətlə qorunub möhkəmləndirildiyini diqqətə çatdırmış, Ulu Öndərin müdrik siyasəti sayəsində davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu vurğulamışdır.
Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daxili və xarici siyasətdə əldə olunan möhtəşəm uğurları qeyd etmiş, ölkəmizin bu gün bütün istiqamətlərdə sürətlə tərəqqi etdiyini bildirmişdir.
Sonra Azərbaycanın müstəqillik yolundan və qazandığı nailiyyətlərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən fotostend mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
NƏZAKƏT