"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasəti daha da modernləşməyə istiqamətlənib. Bu xətt çox incə, Avropaya inteqrasiya yönümlü və bütünlüklə onun mahiyyətində insan faktoru yer alan siyasi xəttdir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyev tez-tez bölgələrə səfər edir və xeyli sayda obyektlərin açılışında iştirak edir. Eyni zamanda, yeni iş yerləri açılır, yollar yenidən qurulur, məktəb və xəstəxanalar tikilir, yeni parklar salınır və s.
"Bütün bunların əsasında əhalinin sosial müdafiəsi dayanır, insanlara layiqli xidmət nəzərdə tutulur. Mən təəssüf edirəm ki, bəzi insanlar sosial müdafiəni yalnız ciblərinə daxil olan pul ilə bağlayırlar. Amma bu, hər hansı problemin həlli deyil. Bölgələrdə içməli su xətlərinin çəkilməsi, elektrik stansiyalarının tikilməsi, qazlaşdırılmanın aparılması, nəqliyyat infrastrukturun yenilənməsi, kənd təsərrüfatı bazarlarının yaradılması və s. hamısı sosial müdafiədir. Həmçinin ardıcıl olaraq əməkhaqları, pensiyalar və müavinətlər də artırılır. Ümumilikdə, ölkəmizdə davamlı sosial siyasət həyata keçirilir"- komitə sədri vurğulayıb.
yap.org.az