Misirin geniş oxucu kütləsinə malik "Əş-Şuruq" qəzetində həmin nəşrin müxbiri Məhəmməd Əbdül Bəqinin "Azərbaycanın yubileyi...Şərqin ən qədim respublikalarından biri" sərlövhəli məqaləsi (http://www.shorouknews.com/menbar/view.aspx?cdate=29052013&id=8568f469-475b-4412-b5ed-e1bc66c15ce0) dərc edilmişdir.
M.Əbdül Bəqi Şərqdə avtoritar, totalitar və diktator rejimlərinin mövcud olduğu bir vaxtda 1918-ci il mayın 28-də bütün Şərqdə və İslam dünyasında ilk dəfə siyasi plüralizm üzərində qurulan və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını oxucuların diqqətinə çatdırmışdır. Müəllif AXC-də gender bərabərliyi və insan hüquqları kimi prinsiplərin geniş vüsət aldığını qabartmış, dövlət və ordu quruculuğundan, o cümlədən sosial-siyasi vəziyyətdən bəhs etmişdir.
Məqalənin müəllifi AXC-nin qadınlara seçki hüququnun verilməsinə görə demokratiyanın beşikləri olan ABŞ və Böyük Britaniya kimi ölkələri geridə qoyduğunu önə çəkərək, milli hökumətin ömrünün 1920-ci il aprelin 28-dək davam etdiyini və Rusiya bolşeviklərinin rəhbəri V.Leninin Sovet Rusiyası Bakının nefti olmadan mövcud ola bilməz barədə açıqlamasından sonra həmin ildə bolşevik sovet ordusu tərəfindən işğal edildiyini yazmışdır. O, yenicə yaranmış Azərbaycan ordusunun qanlı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirdiyini və nəticə etibarilə 20 min şəhid verdiyini xüsusilə qeyd etmişdir.
Daha sonra Azərbaycanda kommunizm rejiminin amansızcasına tətbiq edildiyini bildirən M.Əbdül Bəqi oxucuları ölkəmizdə sovet hakimiyyəti illərində millətçi qüvvələrin təqib edildiyi, vətənpərvərlik ruhunun məqsədyönlü şəkildə zəiflədildiyi və təbii sərvətlərin talan edildiyi barədə məlumatlandırmışdır. Müxbir Azərbaycan neftinin İkinci Dünya müharibəsindəki rolunu xüsusilə qeyd etmişdir.
Jurnalist 1991-ci ildə kommunizm rejiminin süqutundan sonra öz müstəqilliyini bərpa edən Azərbaycanın müdrik şəxsiyyət Heydər Əliyevin zəngin siyasi təcrübəsi sayəsində azadlığa, istiqlaliyyətə və intibaha qovuşduğunu vurğulamışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə siyasi, sosial-iqtisadi və mədəni sahələrdə hərtərəfli islahatların aparıldığını, neft-qaz sektorunda nəhəng beynəlxalq korporasiyalarla sənədlər imzalandığını və ölkəmizin mötəbər beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunduğunu qeyd etmişdir. Həmçinin ölkəmizdə vətənpərvərlik, milli şüurun möhkəmləndirilməsi istiqamətində böyük işlərin görüldüyü vurğulanmışdır.
Müəllif sovet hakimiyyətinin mövcud olduğu 70 ildən artıq müddətdən sonra Azərbaycanda dövlət və xalq səviyyəsində dini bayramların qeyd olunmasına diqqəti cəlb edərək İslam sivilizasiyasına mənsub ölkədəki mədəni-tarixi abidələrin təmir və bərpa olunduğunu, yeni məscidlərin tikildiyini xüsusilə qabartmışdır.
Məqalə müəllifi, həmçinin Azərbaycanda ümumi daxili məhsulun, xarici valyuta ehtiyatlarının, eləcə də qeyri-neft sektorunun ildən-ilə artdığını, yoxsulluq səviyyəsinin ilbəil azaldığını bildirmiş, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq yolunda əzmkarlıq və israrla hərəkət etdiyini, bu hədəfin milli və strateji xarakter daşıdığını önə çəkmişdir.
M.Əbdül Bəqi məqaləsini Abbasilər xilafəti dövründə yaşamış ən tanınmış alimlərdən biri olan, Azərbaycan alimlərindən elmindən və ədəbiyyatından dərs almış Əbu Tahir Əs-Siləfinin "Elm və ədəbiyyatda Şərqdə Azərbaycan Qərbdəki Əndəlusa bənzəyir. Bu iki ölkənin xalqları hər zaman elm və ədəbiyyata maraq göstərirlər" sözləri ilə bitirmişdir.
AzərTAc