PDF Oxu

Siyasət

  • 15

Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı regional təhlükəsizliyin qorunub saxlanılmasında mühüm rol oynayır

Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı regional təhlükəsizliyin qorunub saxlanılmasında mühüm rol oynayır

Mayın 30-da Strateji Araşdırmalar Mərkəzində "Türkiyənin iqtisadi və siyasi inkişafı: perspektivləri, problemləri və Azərbaycan siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, Mərkəzin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun moderatorluq etdiyi tədbirdə Xəzər Strateji İnstitutunun (HASEN) Ekspertlər İdarə heyətinin sədri Əfqan Niftiyev təqdimatla çıxış edərək, HASEN-in əsas fəaliyyətinin Xəzər bölgəsi ilə bağlı araşdırmalar aparmaq və tövsiyələr verməkdən ibarət olduğunu açıqlamışdır.

Sonra "dəyirmi masa"da "Türkiyə-Azərbaycan münasibətləri", "2002-2012: Türkiyənin dəyişən xarici siyasəti" və s. mövzularda məruzələr dinlənilmişdir.

Bildirilmişdir ki, Türkiyə iqtisadiyyatı artıq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu isə onun dünya siyasətində mövqeyini möhkəmlənməsinə səbəb olmuşdur. Türkiyənin xarici siyasətində Azərbaycanın xüsusi yeri olduğunu diqqətə çatdıran məruzəçilər, iki qardaş ölkənin münasibətlərinin digər dövlətlər üçün örnək olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, ölkələrimizin strateji əməkdaşlığı regional təhlükəsizliyin qorunub saxlanılmasında mühüm rol oynayır.

Tədbirdə, həmçinin iqtisadi inkişafın yeni mərhələsini yaşayan Azərbaycanın regiondakı, eləcə də dünyadakı mövqelərinin daha da gücləndiyi bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı bölgənin iqtisadi coğrafiyasını yenidən formalaşdırmaqla bərabər, bir çox beynəlxalq layihələrin uğurla reallaşdırılmasında da önəmli rol oynamışdır. Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərələri ilə yanaşı, hazırda tikintisi son mərhələyə qədəm qoyan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də "Şahdəniz-2" layihəsi çərçivəsində inşa olunacaq Transanadolu təbii qaz boru kəməri (TANAP) ölkələrimizin uğurlu əməkdaşlığının bəhrələridir.

AzərTAc

Digər xəbərlər