PDF Oxu

Siyasət

  • 6

YAP Qaradağ rayon təşkilatının X konfransı keçirilib

YAP Qaradağ rayon təşkilatının X konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının X konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Qaradağ rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra konfrans Heydər Əliyev Mərkəzin akt zalında davam etdirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, YAP proqram və nizamnaməsindən irəli gələn vəzifələri layiqincə yerinə yetirməklə, konstruktiv əməkdaşlıq münasibətlərini yaratmaqla artıq region çərçivəsindən çıxaraq dünya miqyasında tanınan partiyaya çevrilib: "Bu gün YAP Avropa və Asiyanın nüfuzlu partiyaları ilə əməkdaşlıq edir, təcrübə və fikir mübadiləsi aparır. Bu gün cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənən hakim partiyanın ictimai-siyasi proseslərdə avanqard mövqe tutmasında rayon təşkilatlarının da payı vardır. Belə təşkilatlardan biri də məhz YAP Qaradağ rayon təşkilatıdır. Adıçəkilən təşkilat bu gün 10 min 195 nəfəri özündə birləşdirməklə, 122 ilk partiya təşkilatı ilə təmsil olunur. Xüsusilə vurğulamaq istəyirəm ki, partiyanın rayon təşkilatının nüfuz qazanmasında və təşkilatlanmasında İlham Əliyev faktoru böyük rol oynayır. Dövlət başçısı İlham Əliyevin Qaradağ rayonundan millət vəkili seçilməsi, mütəmadi olaraq burada keçirilən konfranslarda onun iştirakı nəinki partiya üzvlərində, o cümlədən bütün qaradağlılarda böyük ruh yüksəkliyi yaratmışdır".

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə çıxış edərək bildirib ki, Azərbaycanda Ulu öndər Heydər Əliyev siyasətinin, ölkənin iqtisadi inkişafının davamlı olması üçün prezident İlham Əliyevin seçkilərdə namizədliyini irəli sürməklə yanaşı, həm də seçki kampaniyasında fəal iştirak etməliyik. Hesab edirəm ki, bu ilin oktyabr ayında da Azərbaycan xalqının, seçicisinin böyük əksəriyyəti seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verəcəklər. Beləcə, növbəti beş ildə də YAP-ın sədri, ölkə başçısı İlham Əliyev prezident kimi fəaliyyətini davam etdirəcək. Azərbaycanın müstəqillik əldə etdiyi tarixə nəzər salsaq görərik ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı olmasa idi ölkəmizin taleyini əsrin əvvəllərindəki tale gözləyərdi. Belə ki, qısa müddət ərzində Azərbaycanda baş verən anarxiya, vətəndaş qarşıdurması, separatizm və digər bu kimi hallar ölkəmizin müstəqilliyinin sonuna gətirib çıxardı. Lakin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq ölkədə ictimai-siyasi sabitliyi, quruculuğu bərpa etməsi nəticəsində bu gün ölkəmiz regionun ən müstəqil siyasət aparan dövlətinə çevrilib. Ümumiyyətlə, ölkəmiz Şərqi Avropa üçün nümunə olan dövlətdir".

Daha sonra YAP Qaradağ rayon Qadınlar Şurasının sədri Təranə İsmayılova söz alaraq, vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci tarixli fərmanı ilə yaradılan "Qadın problemləri üzrə dövlət komitəsi" ölkə qadınlarının ictimai fəallığını yüksəlməsi, cəmiyyətdə gender balansının təmin edilməsi və respublikada fəaliyyət göstərən qadın təşkilatlarının əlaqələndirilməsi sahəsində etibarlı zəmin yaradıb: "Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlət siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı milli-mənəvi dəyələrin qorunub, saxlanılmasında əvəzsiz rola malik ailə institutunun xüsusi dövlət himayəsində olmasına böyük diqqət yetirir".

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digərləri çıxış edərək qeyd ediblər ki, YAP yeganə partiyadır ki, yaranandan bir neçə ay sonra iqtidarda olub. Hakim partiyanın sıralarının daha da genişləndiyini diqqətə çatdıran natiqlər, bunu müsbət bir amil kimi xarakterizə ediblər.

Sonda YAP-ın V qurultayına nümayəndələr seçilib.

Qeyd edək ki, tədbirin sonunda konfrans iştirakçıları tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

sia.az

Digər xəbərlər