Mayın 29-da Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Lüksemburq-Azərbaycan Ticarət Palatasının, Beynəlxalq Bankın, Azərbaycan Sənaye və Ticarət palatasının, "Qarabağ" Assosiasiyasının və Azərbaycan Hava Yollarının təşkilatçılığı ilə Lüksemburqun Mədəniyyət Mərkəzində 28 May - Respublika Günü münasibətilə möhtəşəm tədbir keçirilmişdir.
Tədbirdə Şərq aləmində ilk demokratik respublikanın 95 il əvvəl Azərbaycanda qurulduğunu xatırladan səfir Fuad İsgəndərov ölkəmizin keçdiyi tarixi yoldan, Şərq və Qərb dəyərlərinin vəhdətindən, Azərbaycanda qadınlara Avropa ölkələrinin bir çoxundan xeyli əvvəl səsvermə hüququnun verildiyindən danışmışdır. Qeyd olunmuşdur ki, cümhuriyyətinin süqutundan 71 il sonra dövlət müstəqilliyini bərpa edən müasir Azərbaycanın yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinin uzaq Lüksemburqda da qeyd olunmasının böyük əhəmiyyət daşıdığını vurğulayan səfir demişdir ki, Azərbaycan Avropa Birliyi və Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda strateji münasibətlər qurmuşdur. Bu münasibətlərin arxasında təkcə iqtisadi maraqlar deyil, eyni zamanda Avropa dəyərlərindən faydalanmaq istəyi dayanır. Məqsəd Avropaya inteqrasiyasıdır. Azərbaycan bu dəyərləri bölüşməyə hazırdır.
Tədbirdə Azərbaycan incəsənət ustaları böyük konsert proqramı ilə çıxış etmişlər. Respublikamızın Xalq Artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Lüksemburq Dövlət Orkestri Azərbaycan bəstəkarlarından Fikrət Əmirovun, Tofiq Quliyevin, Arif Məlikovun, Qara Qarayevin əsərlərini səsləndirmişdir. Tamaşaçılarda "Qarabağ üçlüyü"nün çıxışı da maraq doğurmuşdur. Xalq Artisti Mənsum İbrahimovun ifa etdiyi muğam və xalq mahnıları lüksemburqlular tərəfindən hərarətlə qarşılanmışdır.
Avropa Parlamentinin deputatı xanım Katarina Nevedalova AzərTAc-a verdiyi müsahibəsində demişdir: Tədbir məndə xoş təəssürat yaratdı. İlk anlarda nədənsə musiqiniz mənə bir qədər kədərli təsir bağışladı. Amma az sonra bu musiqidəki hissləri, çalarları və duyğuları hiss etdikdə onun zənginliyinə heyran oldum. Hansı məkanda, hansı xalq tərəfindən yaradılmasına baxmayaraq, musiqi sərhəd tanımır və o, bütün dünyaya məxsusdur. Bu baxımdan "Qarabağ üçlüyü"nün ifasını çox bəyəndim. Belə qədim musiqi alətləri ilə ilk dəfə idi tanış olurdum. Mən deyərdim ki, onların ifası biri-birini çox gözəl tamamlayırdı.
Tədbirdə Lüksemburqun dövlət rəsmiləri, paytaxt ictimaiyyətinin nümayəndələri, Türkiyə, Rusiya, Finlandiya, İtaliya, Hollandiya, Rumıniya və İsveçrənin səfirləri, Avropa Parlamentinin və Azərbaycanın Belçikada işgüzar səfərdə olan deputatları, beynəlxalq təşkilatların təmsilçiləri, biznes, mədəniyyət və idman sahəsində tanınmış şəxslər, diaspor üzvləri iştirak etmişlər.
Maraqlı keçən mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Şuşaya, xalçaçılıq sənətinə, musiqimizə və Azərbaycan təbiətinə dair kitab və broşürlər, habelə ölkəmizin zəngin tarixindən, mədəniyyətindən, incəsənətindən, adət-ənənələrindən, görməli yerlərindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Sonda geniş ziyafət verilmişdir.
AzərTAc