"Vestnik Kafkaza" nəşrinə istinadla xəbər verir ki, "Euronews"un saytında bu resurs tərəfindən planlaşdırılmış Azərbaycana həsr olunmuş məqalə və yazılar silsiləsi çərçivəsində "Bakı: gələcəyə doğru yolda" sərlövhəli məqalə yerləşdirilmişdir. Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik.
"Azərbaycan Odlar yurdudur. Burada torpaqdan çıxan alovlar, yanar təbii qaz mənbələri əsrlərdən bəri məlumdur. Alov ölkənin rəmzidir. Şərq şəhəri, Xəzərin sahilində yerləşən Bakı onun paytaxtıdır.
Alimlər Bakı haqqında ilk yazılı sənədləri eramızın I əsrinə aid edirlər. O vaxtdan etibarən şəhər dəfələrlə mühasirəyə alınmış, döyüş meydanına çevrilmişdir. Hətta müasir Bakıda da yaxşı görünür ki, burada - Avropa ilə Asiyanın kəsişməsində bir çox mədəniyyətlər öz izini qoymuşdur.
Əcnəbilər üçün ekskursiya rəhbəri Xanım Babayeva əmindir ki, Bakı çox maraqlı şəhərdir. O demişdir: "Turistlərin bura gəlməyinə həqiqətən dəyər, çünki burada müxtəlif dövrlərin və mədəniyyətlərin nümunələrinə rast gəlmək olar. Ayrı-ayrı hallarda İspaniya, Şimali Afrika və Mərkəzi Asiyada təsadüf olunan hər şey burada, bir şəhərdə toplanmışdır. Biz Bakını təzadlar şəhəri adlandırırıq. Nə üçün? Burada gördüyümüz müasirliklə qədimiliyin vəhdəti üzündən. Siz bir tərəfdən Qız qalasını, minarəli saray, digər tərəfdən yeni Bakının rəmzinə çevrilmiş üç göydələn görürsünüz.
Şəhər üfüqündə ucalan "Alov qüllələri" Bakının yeni rəmzinə çevrilmişdir. Onların yanında xoş təəssürat oyadan başqa yeni tikililər də ucaldılmışdır. Qədim İçərişəhər UNESCO tərəfindən Dünya irsi obyekti sayılmışdır. Burada nadir özəl muzey yerləşir. Muzeyin kolleksiyasında 64 ölkədən 5 mindən çox miniatür kitab vardır. Muzeyin təsisçisi Zərifə Salahova qürur hissi ilə deyir: "Miniatür kitab əsl sənətdir. Kitab nə qədər kiçikdirsə, bədii çətinliklər bir o çoxdur".
Lakin Xəzər dənizinin özünün problemləri vardır: nərə balığının sayı durmadan azalır. Bu isə qara kürünün azalması deməkdir. Hökumət Xəzərdə nərə balığının nəslinin kəsilməsinin qarşısını almağa çalışır. Hakimiyyət orqanları nərəkimilərin süni şəkildə yetişdirilməsi və Xəzər dənizinə tökülən Kür çayında kürü sənayesinin xilas edilməsi proqramı üzərində çalışırlar.
Nərə balığı kürüsü ən yaxşı kürülərdən biri sayılır və dünyada yüksək qiymətləndirilir. Nərə balıqlarının süni şəkildə yetişdirilməsi proqramı onların salamat qalmasına kömək məqsədi daşıyır. Burada hər bir balıq ciddi müşahidə altındadır. Beş ildən sonra onları dənizə buraxacaqlar.
Nərə balığı da özünü qızılbalıq kimi aparır, kürütökmə zamanı eyni çaya qayıdır. Ekspertlər ümid edirlər ki, balıqlar kürü tökmək üçün yetişdirildikləri çaya qayıdacaqdır. Lakin bu ümid özünü doğrultsa belə, Xəzər dənizində nərə balığının populyasiyasını bərpa etmək üçün hələ uzun yol qət etmək lazım gələcəkdir.
AzərTAc