PDF Oxu

Siyasət

  • 14

Respublikamızın gələcək qurucularının həyatında çalınan son zəng

Respublikamızın gələcək qurucularının həyatında çalınan son zəng

31 may tarixində Azərbaycan məktəblərində onbirillik məktəb həyatının son zəngi çalınacaq. Zamanın axarında on bir ili başa vuran məktəblilər son zəngi dinləyəcəklər və həyatları boyu bu zəngin sədaları onları məktəbin şirin xatirələrində yaşadacaqdır. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirələşən bir anına çevriləcək. Azərbaycan ümumtəhsil məktəblərində hər bir məktəblinin keçirdiyi günlər və çalınan son zəng əbədi olaraq yaddaşlarda qalacaq.

Bu gündən etibarən müstəqil Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyur. 11-cilər üçün məktəb həyatında çalınan sonuncu zəng qaynar həyata çağırış zəngidir. Məktəb həyatı ilə sıx bağlı olan, coşqun məktəbli ömrünə vida söyləyən məktəblilər, bu günü məzun kimi sevinc içərisində yaşayırlar. On bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən balacalar onbirillik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə alırlar. Bu vəsiqə cəmiyyətə məsuliyyətlə addımlayacaq gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək sənəddir.

Həyatın ağrı-acısının nə olduğunu bilməyən gənclər respublikanın gələcək qurucuları kimi ilk addımlarını atacaq, müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklər. Bu il IX sinif üzrə 41 min 498 nəfər, XI sinif üzrə isə 29 min 609 nəfər şagird məzun adını daşıyır. Təkcə 2012-2013-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı 49321 nəfərdir.

Müasir dövrümüz elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir. Belə bir zamanda son zəngi dinləyən məzunlar vətəndaş olaraq məsuliyyəti dərk edəcəklər. Təbii ki, Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Ölkəmizdə iqtisadi və mədəni sosial sahələrdəki nailiyyətlər Azərbaycan təhsilinə təsirini göstərməkdədir. Bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədirlər. Yaşadığımız yüzillik "Təhsil və informasiya əsri" elan edildiyindən ölkəmizdə təhsilin səviyyəsi keyfiyyət baxmından yeni bir mərhələni yaşayır. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olumasına gətirib çıxarır. Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin tərəqqi və inkişafına zəmin yaratdı. Təhsildə köklü islahatlar aparıldı. Prezident tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxardı. Bu gün Heydər Əliyevin maarifçilik ideyalarını Prezident İlham Əliyev, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva əzmlə, uğurla həyata keçirirlər. Gələcəyin inkişafı onun təhsilindən başlayır. İlham Əliyevin dediyi kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir".

Bəli, Azərbaycanın müasir gəncliyi belə bir ab-havada təhsil alır və məktəblə vidalaşaraq savadlı, yetkin bir gənc kimi müstəqil həyatın ilk pilləsinə qədəm qoyurlar. Təhsilin keyfiyyəti, sinif otaqlarının müasir tələblər çərçivəsində qurulması, yeni tədris metodu nəticəsində yetişən nəsil ayıq-sayıq, çevikdir.

Ölkənin bütün orta ixtisas məktəblərində maddi-texniki bazanın möhkəmləndirilməsi, təmir, yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqların əldə edilməsinin özəlliklərini vurğulamaq vacibdir. Bu işdə məqsəd yeniyetmələrin gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olmasıdır. Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunur.

Təhsil sahəsində bütün problemlər həllini tapmaqdadır. Dövlətin təhsil məsələlərinə olan diqqəti məktəblilərin məsuliyyətini artırıb. Təhsilə ayrılan diqqət cəmiyyətə layiqli vətəndaşların yetişməsindən xəbər verir. Bu günün məktəblisi, gələcəyin əsgəri və vətəndaşıdır. Bu prizmadan çıxış edərək yüksək bilikli şagird yetişdirilir, cəmiyyətə sağlam ruhlu vətəndaşlar hazırlanır. Müasir dövrümüzün məktəblisi milli dəyərlərlə tərbiyələnir.

Bu gün məktəblərdə son zəng çalınır. Neçə-nəçə məktəblimiz məzun olaraq müstəqil Azərbaycanın müstəqil vətəndaşına çevriləcək. Sevindirici haldır ki, bu günün məktəbliləri savadlı və dünyagörüşlü gənc olaraq dünyaya səs salacaqlar.

NƏZAKƏT

Digər xəbərlər