YAP Goranboy rayon təşkilatının VIII konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək düzüb, Onun əziz xatirəsini yad ediblər. Rayon təşkilatının akt zalında davam edən konfransı YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq keçən hesabat dövründə görülən işlərdən danışıb:
Ölkənin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının cəmiyətdə yeri və rolundan, ictimai-siyasi proseslərə təsir imkanının ildən-ilə genişləndiyindən danışan rayon təşkilatının rəhbəri bildirdi ki, YAP Goranboy rayon təşkilatının əsası 1994-cü ildən qoyulub: "Ötən dövr rayon təşkilatının həyatında mühüm rol oynamış bölgənin ictimai-siyasi və mədəni həyatında fəal və aparıcı qüvvəyə çevrilmişdir. Hesabat-seçki dövründə partiya üzvlərinin sayı 814 nəfər artaraq 6231 nəfəri ötmüşdür. Son 2 ildə 52 nəfər gənc YAP üzvləri məsul vəzifələrə irəli çəkilmişlər. Bu gün rayon təşkilatında qadınlar da aparıcı qüvvədir. Qeyd etməliyəm ki, YAP rayon təşkilatı öz sıralarında 3382 nəfər rayonun ən fəal ictimaiətçi qadınlarını birləşdirir. Hesabat dövrü ərzində təşkilatımızın sıraları qadınların hesabına 457 nəfər artmışdır. Elə bu faktın özü partiyada qadınların ictimai-siyasi fəallığının real göstəricisidir. Bu dövrdə 6 şura iclası, 36 idarə heyətinin yığıncağı və müxtəlif tədbirlərə həsr olunmuş görüşlər keçirilmişdir". YAP rayon təşkilatı Mərkəzi YAP aparatı tərəfindən verilmiş tapşırıq və göstərişləri də vaxtında yerinə yetirmişdir".
E.İsmayılov cari ilin oktyabr ayında prezident seçkilərinin keçirilməsi ilə bağlı ciddi hazırlıq işlərinin görüldüyünü söylədi: "Əvvəlki seçkilərdə olduğu kimi qarşıdan gələn prezident seçkilərində də rayon təşkilatı öz fəallığı ilə seçiləcək, özünün layiqli namizədi olan möhtərəm Prezidentimizi, Yeni Azərbaycan Partiyasının Liderini dəstəkləyəcəkdir Çünki, bu gün Azərbaycanda əhalinin 92 faizi möhtərəm Prezidentimizə inanır.
Tədbirdə çıxış edən millət vəkili Musa Quliyev YAP-ın Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsi olduğunu vurğulayaraq, sıralarında 600 min üzvün birləşməsini Heydər Əliyev ideyalarına sədaqətdən, Cənab İlham Əliyevin siyasətinə inamdan qaynaqlandığını nəzərə çatdırdı. O, Azərbaycanın bugünkü reallıqlarını diqqətə çəkərək ölkəmizin sürətli inkişafını respublikamızda həyata keçirilən dövlət proqramları, layihələr əsasında gerçəkləşdiyini bildirdi. Bütün bunlar ölkə başçısının uğurlu siyasətinin məntiqidir. M.Quliyev regional inkişaf proqramlarının uğurlu icrasına nəzər yetirərək, böyük göstəricilərin əldə olunduğunu faktlarla ifadə etdi.
Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğuladı ki, şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir: "Yeni Azərbaycan Partiyası demokratik prinsiplər əsasında öz fəaliyyətini davam etdirir. Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi və müasirləşməsi istiqamətində ciddi addımlar atır, seçkilərdə böyük fəallıq nümayiş etdirir. Prezident, parlament və bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə qazandığı uğurlar bunu bir daha təsdiq edir ki, YAP qələbələr partiyasıdır. 2013-cü il prezident seçkiləri uğurların sırasına daha bir qələbəni həkk edəcək. Azərbaycan xalqı prezident seçkilərində bir daha Prezident İlham Əliyevlə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə birgə olduğunu nümayiş etdirərək, öz gələcəyinə səs verəcək".
Konfransda Goranboy icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxışında qeyd etdi ki, YAP-ın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiya uzun illər Azərbaycanın davamlı inkişafını təmin edəcək, dünya ölkələri sırasında Azərbaycanın mövqeyi daha da möhkəmlənəcəkdir. O, qeyd etdi ki, Cənab İlham Əliyevin fəaliyyətinin əsasını insan amili təşkil edir. Bu gün ölkədə əldə edilən kapital insan kapitalının formalaşmasına yönəlmişdir. Bununla bağlı partiyanın rayon təşkilatının qarşısında da mühüm vəzifələr durur. İnanıram ki, rayon təşkilatının rəhbərliyi bu şərəfli vəzifələrin məsuliyyətini dərindən dərk edəcək, partiya üzvlərini bu istiqamətdə səfərbər edəcəkdir.
Konfransda Yeni Azərbaycan Partiyası V qurultayına 6 nəfərdən ibarət nümayəndə seçildi. Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti, YAP Sədri İlham Əliyevə müraciət qəbul edildi.
RƏFİQƏ HÜSEYNOVA