YAP Biləsuvar rayon təşkilatının VIII konfransı keçirilib
Dünən YAP Biləsuvar rayon təşkilatının VIII konfransı keçirildi. Rayon mədəniyyət evində keçirilən konfransda dövlət himni səsləndi. YAP rayon təşkilatının sədri Kamil Mirzəyev gündəliyi elan edərək bildirdi ki, konfransda partiyanın mərkəzi aparatında qəbul edilmiş təlimata əsasən YAP-ın V qurultayına hazırlığın vəziyyəti müzakirə olunacaq, qurultaya nümayəndələr seçiləcəkdir.
K.Mirzəyev hesabat məruzəsində YAP Biləsuvar rayon təşkilatının böyük inkişaf yolu keçdiyini, sıralarının daim genişləndiyini, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirdiyini vurğuladı: "Hazırda YAP Biləsuvar rayon təşkilatı öz ətrafında 68 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Rayon təşkilatının uçotunda 4430 nəfər üzv vardır ki, onların da 1186 nəfərini, yəni 27 %-ni qadınlar, 1527 nəfərini, yəni 35 %-ni gənclər təşkil edir. YAP Biləsuvar rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən, təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə fəal iştirak edirlər. Biləsuvar rayonunun bütün sakinlərinin qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyevə səs verəcəklərini tam əminliklə bəyan edirəm".
Eyni zamanda, rayon təşkilatının sədri konfransın gündəliyində duran prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərdən də danışdı: "Artıq təsdiq olunmuş plana uyğun olaraq seçicilərin siyahısı dəqiqləşdirilmiş, məntəqələrdə səliqə-sahman işlərinin aparılmasına başlanmış, partiya fəallarının ideoloji cəhətdən hazırlanması üçün lazımi təlimati tədbirlər görülmüşdür. Mərkəzi seçki qərargahının rayon şöbəsi formalaşdırılmışdır. Biz YAP Biləsuvar rayon təşkilatı olaraq öz namizədimizi bütün varlığımızla müdafiə etməyə, Azərbaycanı uğurlardan-uğurlara aparan möhtərəm Prezidentimizə daim dəstək olmağa hazırıq".
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Müstəqil Azərbaycanın uğurlu inkişafında göstərdiyi titanik fəaliyyətindən söz açdı. Natiq qeyd etdi ki, Ulu Öndərin siyasi kursu ölkə Prezidenti İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövlətinin sürətli dinamik inkişafı bunun bariz nümunəsidir. Kərim Kərimov daha sonra qeyd etdi ki, Azərbaycan xalqı 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının ən layiqli namizədi olan İlham Əliyev Cənablarına səs verəcəkdir.
Məruzə ətrafında Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, YAP ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmış, Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir yol keçmişdir: "Ölkəmizin yüksək inkişafını Biləsuvar rayonunun timsalında da aydın görmək olar. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına son bir ildə rayonda böyük işlər görülüb, bir neçə məktəb və digər obyektlər inşa edilib, yollar asfaltlaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilibdir. Bu il həm də xalqımız və dövlətimiz üçün mühüm bir siyasi kampaniya olan prezident seçkiləri ili kimi yadda qalacaq. Çox böyük inamla demək olar ki, bütün Azərbaycan xalqı bu seçkilərdə ölkəmizi daha uğurlu sabahlara aparan partiyamızın Liderinə - Cənab İlham Əliyevə səs verməklə, tarixinin ən şanlı səhifələrini yazacaq".
Konfransda gənc partiya üzvləri Aqşin Bağırov, Xanımnisə Rəsulova və başqaları çıxış edərək prezident seçkilərində Biləsuvarlı gənclərin daha mütəşəkkil iştirak edəcəyini vurğuladılar. Sonra Yeni Azərbaycan Partiyasının qurultayına nümayəndələr seçildi.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyev Cənablarına müraciət qəbul olundu.
Konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak etdi.
R. HÜSEYNOVA