PDF Oxu

Siyasət

  • 12

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı olub

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı olub

İlham Əliyev: "Bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub"

Mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Forumda iştirak edən yüksək səviyyəli qonaqlarla görüşdü. Prezident İlham Əliyev Forumun açılışında nitq söyləyib. Prezident qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir: "Şadam ki, bu Forum ikinci dəfə Bakıda keçirilir. Yadımdadır, iki il bundan əvvəl birinci Forumun keçirilməsi zamanı mən belə bir fikir irəli sürmüşdüm ki, yaxşı olar bu Forum ənənəvi olsun. Çox şadam ki, bizim dostlarımız da bu təşəbbüsü dəstəkləmiş və bu gün bizimlə bərabər ikinci Forumda iştirak edirlər. Əslində bu Forumun keçirilməsi "Bakı prosesi"nin təzahürüdür. "Bakı prosesi" 2008-ci ildə başlamışdır. Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulmuşlar. Yəni Bakı, əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir."

Prezident qeyd edib ki, 2010-cu ildə də çox önəmli hadisə baş vermişdir. Dünya dinləri liderlərinin Bakıda zirvə görüşü və 2011-ci ildə birinci Forum keçirilmişdir. Prezident deyib ki, artiq "Bakı prosesi" inkişaf edir və o əmindir ki, bu Forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcək: "Çünki biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın, əməkdaşlıq meylləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, ümumiyyətlə, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, biz hələ istədiyimizə tam şəkildə nail ola bilmirik. Çünki dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, vətəndaş müharibələri baş verir, anlaşılmazlıq meylləri artır. Hesab edirəm ki, bu vacib məsələlərin bu formatda müzakirə edilməsi, ümumi işimizə, əməkdaşlıq işimizə bir töhfə olacaqdır.

Hesab edirəm ki, bu Forumun Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır. Qeyd etməliyəm ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudları ilə məhdudlaşdırmırıq. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır. Hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz - istər siyasi, iqtisadi, digər sahələrlə bağlı təşəbbüslərimiz də, eyni zamanda, regional əməkdaşlıq üçün yaxşı şərait yaradır və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir. Ölkələrin siyasi maraqları ola bilər və vardır. Təbii ki, iqtisadi maraqlar da vardır. Bir çox hallarda ölkələri birləşdirən bu maraqlardır. Ancaq hesab edirəm ki, əməkdaşlığın müsbət meyllərini gücləndirmək üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır.

Hesab edirəm ki, Forumun gündəliyi çox genişdir, burada müzakirə ediləcək məsələlər böyük əhəmiyyət kəsb edir və gələcəyə müştərək baxışlarımızla bağlı fikirlər də səslənəcəkdir. Bu, çox vacib məsələdir - müştərək gələcək. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer vardır. Təki sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma olsun. Əməkdaşlığın üstünlüyünü biz Azərbaycanın uğurlu inkişafında görürük. Bizim regional təşəbbüslərimizlə bağlı olan bütün addımlarımız əməkdaşlığa yönəldilibdir. Biz əməkdaşlıq, qarşılıqlı dəstək vasitəsilə öz iqtisadi və siyasi maraqlarımızı da tam şəkildə təmin edirik. Regional əməkdaşlıq məsələlərinə gəldikdə hesab edirəm ki, bizim müsbət təcrübəmiz maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan nəinki çoxmillətli və çoxkonfessiyalı ölkədir, eyni zamanda, nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və hər iki təşkilatda çox fəal iş aparır, hər iki təşkilatda çox möhkəm mövqelərə malikdir. Bax, bizim bu xüsusiyyətlərimiz hesab edirəm ki, mədəniyyətlərarası dialoqun inkişafına da töhfəsini verməkdədir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda milli və dini ənənələr çox güclüdür. Müstəqil Azərbaycan dövləti güclü milli mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur. İki gün əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini qeyd edirdik. Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk respublika idi və əslində nəinki Azərbaycan xalqının müstəqilliyini şərtləndirdi, eyni zamanda, bölgədə də, müsəlman aləmində də respublika quruluşunun inkişafına, yayılmasına təkan vermişdir.

Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatında da çox fəal iş aparır. Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bizim digər qədim şəhərimiz Naxçıvan isə 2018-ci il üçün bu şərəfli ada layiq görülmüşdür. Bununla bərabər, keçən il Bakıda Avropanın və bəlkə də dünyanın ən mötəbər musiqi yarışı - "Eurovision" keçirilmişdir. 2015-ci ildə Birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Yəni, bax bu məsələlər özlüyündə göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması üçün nəinki çox gözəl zəmin və əsas vardır, eyni zamanda, biz öz təşəbbüslərimizlə, öz xarici siyasətimizlə və sivilizasiyalararası dialoqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk. Bu, doğrudan da çox vacib məsələdir, çünki dünyada biz hamımız bunun şahidiyik, həm müsbət, həm də mənfi meyllər vardır. Son vaxtlar xüsusilə multikulturalizmlə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəzi ölkələrdə hətta siyasətçilər bu barədə açıq bəyanatlar verirlər. İctimai rəydə görürük ki, multikulturalizm meyllərinin inkişafı ilə bağlı çox bədbin fikirlər vardır. Əfsuslar olsun ki, bəzi hallarda siyasi bəyanatlar, qeyri-hökumət təşkilatlarının, bəzi media qurumlarının fəaliyyəti sivilizasiyalararası dialoqun inkişafına deyil, əksinə, ayrı-seçkiliyə daha da şərait yaradır. Ona görə burada siyasətçilərin, ictimai xadimlərin məsuliyyəti də böyük əhəmiyyət daşıyır. Çünki bugünkü qloballaşan dünyada, internet dövründə istənilən yerdə səslənən hər bir fikir, hər bir söz dərhal dünyada böyük əks-səda verir. Mən hesab edirəm ki, biz müsbət təcrübəni daha da geniş şəkildə təbliğ etməliyik. Çünki burada, bu Forumda iştirak edən insanları bir amal birləşdirir. Bizi multikulturalizmin inkişafı, mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı birləşdirir. Belə olan halda biz də çalışmalıyıq ki, öz işimizlə, öz praktiki addımlarımızla bu müsbət meylləri gücləndirək."

Prezident qeyd edib ki, multikulturalizm Azərbaycanda əsrlər boyu mövcud olmuşdur. İlham Əliyev bildirib ki, Azərbaycan multikulturalizmin ünvanlarından biridir: "Azərbaycanda qeyd etdiyim kimi, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunur. Biz öz tarixi keçmişimizə çox böyük hörmətlə yanaşırıq. Bakıda zərdüştilik dininin gözəl abidəsi qorunub saxlanılır - Atəşgah. Bu ayın 17-də Şamaxıda ölkəmizin ən qədim məscidi bərpadan sonra yenidən açılmışdır. Məscid 743-cü ildə - 1270 il bundan əvvəl tikilmişdir. Bu gün Azərbaycan bu məscidi bərpa edib. Azərbaycan dövləti Bakıda sinaqoqun tikintisinə də öz dəstəyini əsirgəməmişdir. Qədim alban kilsələri Azərbaycanda dövlət tərəfindən bərpa edilir, qorunur, pravoslav, katolik kilsələri fəaliyyət göstərir.

Yəni, təkcə bax bu faktların sadalanması göstərir ki, doğrudan da multikulturalizm üçün çox gözəl imkanlar vardır. Hesab edirəm ki, dünyanın istənilən yerində bu müsbət meyllər güclənə bilər. Təki siyasi iradə olsun. Təki siyasətçilərdə bu məsələ ilə bağlı düzgün istiqamət üstünlük təşkil etsin. Çünki multikulturalizmin alternativləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Bu fəallıq müxtəlif formalarla tamamlanmalıdır. Hesab edirəm ki, Bakıda keçirilən ikinci Forum bu ümumi işimizə verilən böyük töhfədir."

Sonra BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser çıxış etdi. BMT-nin baş katibi Pan Gi Munun salamlarını Forum iştirakçılarına çatdıran qonaq bu tədbirin mədəniyyətlərin qovuşduğu bir məkanda - Bakıda ikinci dəfə baş tutmasını Azərbaycan Prezidentinin mütərəqqi baxışlarının nəticəsi kimi qiymətləndirdi. "Bu Forum dünyada mədəni müxtəlifliyin inkişafına töhfə verir", - deyən BMT rəsmisi tədbirdə sülh, ədalət və inkişaf naminə səslənən fikirlərin beynəlxalq aləmdə əks-səda doğuracağını bildirdi. Bu Forumda iştirak etməyin onun üçün şərəf olduğunu deyən UNESCO-nun baş direktoru İrina Bokova Prezident İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətlərarası dialoqa töhfələrinin rəhbərlik etdiyi təşkilatın əqli və mənəvi həmrəyliyə verdiyi üstünlüklə həmahəng olduğunu dedi. Elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın insan hüquqları konsepsiyasının daha mütərəqqi şəkildə formalaşmasına yardım etdiyini deyən xanım İrina Bokova Azərbaycanın mədəni irsin və müxtəlifliyin qorunması üçün müvafiq beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etdiyini bildirdi. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O, Azərbaycanın UNESCO-nun və İSESCO-nun tədbirlərinə hər zaman dəstək verdiyini dedi. Hazırda dünyada sülh mədəniyyətinin təşviqinin vacib olduğunu, bunun mədəniyyətlərarası dialoqun yaxınlaşması üçün mühüm amilə çevrildiyini deyən Əbdüləziz bin Osman əl-Tüveycri qeyd etdi ki, hər zaman yaradıcı düşüncənin nəticəsi olan dialoq müasir dünyada ən müdrik seçim kimi dəyərləndirilməlidir. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin foyesində fləşmob keçirildi. Daha sonra xatirə şəkli çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatıdır. Dövlətimizin başçısının 2011-ci ildə imzaladığı Fərmanla bu Forum iki ildən bir Bakıda təşkil olunur. Tədbirin əlaqələndirici qurumu Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyidir. Budəfəki Forumda ümumilikdə 100-dək ölkənin nümayəndə heyəti iştirak edir.

Digər xəbərlər