Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Koreya Respublikasının hökumət və dövlət rəsmiləri, aparıcı şirkətlərin, tədqiqat mərkəzləri və universitetlərin nümayəndələri, səfirlər, KİV təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak etmişlər.
Azərbaycanın Koreyadakı müvəqqəti işlər vəkili R.Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışaraq, onun milli dövlət quruculuğunda önəmli rol oynadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
R.Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra ölkəmizin öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini, müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bu sınaqdan uğurla çıxdığını bildirmişdir. O, həmçinin qonaqlara Azərbaycanın müasir dövrdə bütün sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, Ermənistanın Azərbaycana təcavüzündən və bu təcavüzün ağır nəticələrindən danışmışdır.
Koreya Respublikasının xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Ahn Çonq-Qhi Koreya Respublikası hökuməti adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etmişdir. Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurları yüksək dəyərləndirən nazir müavini ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, Bakıda və Seulda səfirliklərin açılması ilə daha da möhkəmləndiyini vurğulamışdır.
Koreya rəsmisi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edərək, bu əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin daha da artırılması üçün yaxşı potensialın olduğunu diqqətə çatdırmışdır.
Sonra Respublika Günü münasibətilə Azərbaycandan xüsusi olaraq dəvət olunmuş, Azərbaycan Milli Konservatoriyasının muğam sinfinin məzunu koreyalı Kim Min-Seoq Azərbaycan Dövlət Filarmoniyası musiqiçilərinin tar və kamançada müşayiəti ilə muğam parçaları ifa etmişdir.
Mərasim Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu ziyafətlə başa çatmışdır.
Tədbir keçirilən salonda Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını, zəngin mədəniyyətini əks etdirən müxtəlif kitab və broşürlər, eləcə də videoçarxlar nümayiş etdirilmişdir.
AzərTAc