PDF Oxu

Siyasət

  • 10

28 May - Respublika Günü Praqada da qeyd edilmişdir

28 May - Respublika Günü Praqada da qeyd edilmişdir

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Praqada tədbir keçirmişdir.

Mərasimdə Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek əsas qonaq qismində iştirak etmişdir.

Tədbirdə çıxış edən səfir Tahir Tağızadə Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi və humanitar sahədə mövcud əlaqələr barədə məlumat vermiş, iki ölkənin regionları arasında əməkdaşlığın, eləcə də tələbə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Diplomat ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.

Y.Hamaçek Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş, Çexiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulamışdır. Cari ilin aprelində Azərbaycana səfər etdiyini xatırlayan Y.Hamaçek Bakıda Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətini qeyd etmiş, ölkəmizin Çexiya üçün vacib tərəfdaş olduğunu bildirmişdir.

O, son zamanlar ölkəsində bəzi şəxslərin Azərbaycanın ünvanına səsləndirdikləri fikirlərin Çexiyanın rəsmi mövqeyinə zidd olduğunu qeyd etmişdir.

Səfirliyin binasında təşkil edilmiş tədbirdə Çexiyanın xarici işlər nazirinin müavini Tomaş Dub, mədəniyyət nazirinin müavini Frantişek Mikeş, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hinek Kmoniçek, Senatın və Deputatlar Palatasının üzvləri, sabiq Prezident Vatslav Klausun həyat yoldaşı Liviya Klausova, keçmiş Baş nazir Mirek Topolanek və sabiq xarici işlər naziri, hazırda Diplomatik Akademiyanın direktoru Tsıril Svoboda, Praqa şəhərinin meri, diplomatik korpusun və diaspor təşkilatlarının nümayəndələri və azərbaycanlı tələbələr iştirak etmişlər.

Sonra tədbir iştirakçıları üçün ziyafət verilmiş, qonaqlar canlı musiqi sədaları altında milli xörəklərimizin dadına baxmışlar.

AzərTAc

Digər xəbərlər