Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Serbiyanın sabiq Prezidenti Boris Tadiç ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Boris Tadiç Azərbaycanda gedən sürətli inkişafdan təəssüratlandığını bildirmiş, Bakının gördüyü ən maraqlı və gözəl şəhərlərdən biri olduğunu diqqətə çatdırmışdır. O, Avropa İttifaqındakı (Aİ) mövcud iqtisadi vəziyyət, Serbiyada cərəyan edən proseslər və ölkəsinin Avropa regionuna inteqrasiyası barədə məlumat vermişdir.
Elmar Məmmədyarov Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə qonağa minnətdarlığını bildirmişdir. Nazir Azərbaycanda və bölgədə cərəyan edən proseslər, regional enerji layihələri barədə məlumat vermiş, bu layihələrin region üçün əhəmiyyətindən danışmışdır.
AzərTAc