Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Braziliyanın nümayəndə heyəti ilə görüşmüşdür.
SAM-dan AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Braziliya Deputatlar Palatasının xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pellegrino, komitənin üçüncü sədr müavini Urjeni Roşa və Deputatlar Palatasının müvəkkili Klaudio Kajado daxildirlər.
Fərhad Məmmədov görüşdə iki ölkənin "beyin mərkəzləri" arasında təşkil olunan müzakirələrin əhəmiyyətindən danışmışdır.
SAM-ın direktor müavini Gülşən Paşayeva regiondakı mövcud vəziyyət, xarici siyasət və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir. Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Azərbaycanın enerji siyasətindən, ölkəmizin geosiyasi məqsədlərin həyata keçirilməsindəki rolundan bəhs etmişdir.
Qurumun iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı Azərbaycanın və Braziliyanın iqtisadi inkişaf yolu arasındakı oxşarlıqlardan söhbət açmışdır.
Sonda qonaqlar vurğulamışlar ki, Braziliyanın və Azərbaycanın "beyin mərkəzləri" arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi üçün dəstəklərini əsirgəməyəcəklər.
AzərTAc