PDF Oxu

Siyasət

  • 12

YAP Ağcabədi rayon təşkilatının VIII konfransı keçirilmişdir

YAP Ağcabədi rayon təşkilatının VIII konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Rayon Təşkilatının VIII konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Rayon mədəniyyət evində YAP Siyasi Şurasının və Mərkəzi Aparatının məsul nümayəndələrinin, Milli Məclisin deputatlarının, rayon rəhbərliyinin, qurumun 98 ərazi təşkilatından seçilmiş 307 partiya üzvünün iştirakı ilə keçirilən konfransda YAP rayon təşkilatının sədr müavini Nazim Bünyatovun hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Bildirilmişdir ki, YAP Ağcabədi rayon təşkilatı yarandığı gündən ölkədə gedən ictimai-siyasi proseslərdə, eləcə də Prezident, parlament və bələdiyyə seçkilərində fəallıq nümayiş etdirmişdir.

Bildirilmişdir ki, rayon təşkilatı VII konfransdan keçən müddət ərzində ictimaiyyət arasında kütləviliyi daha da artırmış, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilmişdir. 98 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 8755 nəfər üzvü vardır. Təşkilat üzvlərinin 3695 nəfərini gənclər, 3776 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövrü ərzində YAP sıralarına 752 nəfər qəbul olunmuşdur.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da gedən sosial-iqtisadi inkişafdan ətraflı danışılmışdır.

Konfransda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin sədr müavini Bahar Muradova ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin başçılığı ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı roldan danışmış, təşkilatın üzvlərinə qarşıdakı prezident seçkilərində uğurlar arzulamışlar.

Nəzarət-təftiş qrupunun hesabatı dinlənildikdən sonra təşkilatı məsələlər müzakirə edilmiş, 45 nəfər şura, 13 nəfər idarə heyətinin, 9 nəfər nəzarət-təftiş qrupunun üzvü, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi seçilmişdir. Rövşən Əhmədov YAP Ağcabədi rayon təşkilatının sədri seçilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilmişdir. Sonda partiyanın sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

AzərTAc

Digər xəbərlər